Əhməd bəy Ağaoğlu publisistikasında qadın azadlığı
XX əsrin görkəmli publisistlərindən olan Əhməd bəy Ağaoğlu yaradıcılığı öz çoxşaxəli təbiəti ilə seçilir. O, həm hüquqşünas, həm islamşünas, həm politoloq, həm də dövlət xadimi kimi tarixdə dərin iz buraxmışdır. Əhməd bəyin əsərlərində və fəaliyyətində böyüdüyü mühitin təsiri ilə islam amili xüsusi yer tutur. Lakin o, dini mövzuları dövrün savadsız mollalarının cəmiyyəti zərərli istiqamətə yönəldən təbliğatından fərqli olaraq, elmi faktlara əsaslanaraq təhlil etmişdir. Əhməd bəy, həmçinin dövlət xadimi kimi böyük təcrübəyə malik idi. XX əsrdə Çar Rusiyası ilə danışıqlarda fəal iştirak etmiş, Türkiyə Böyük Millət Məclisinin, Azərbaycan Xalq Cümhuriyyətinin deputatı olmuş və Mustafa Kamal Atatürkün xarici məsələlər üzrə müşaviri kimi mühüm vəzifələrdə çalışmışdır.
Əhməd bəy Ağaoğlu dövrünün müasir düşüncə tərzi ilə fərqlənən publisistlərindən biri idi. Onun publisistik irsində şəxsiyyət azadlığı və xüsusən qadın azadlığı məsələləri önəmli yer tutur. 1903-cü ildə yazdığı “İslama görə və islamiyyətdə qadın” əsəri Azərbaycanda ilk dəfə qadın azadlığı məsələsini gündəmə gətirmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə qadınlara seçki hüququ verən ilk dövlət idisə, Əhməd bəy Ağaoğlu təkcə Azərbaycanda deyil, bütün Şərqdə qadın azadlığı ideyasını təbliğ edən ilk ziyalılardan biri olmuşdur. Onun yaradıcılığında azadlıq anlayışı fundamental mövzulardan biridir və bu anlayışın mənasını və önəmini o, əsərlərində sadə və aydın bir dillə oxuculara çatdırmışdır.
Əhməd bəy Ağaoğlu yaradıcılığında insan azadlığı:
1930-cu ildə yazdığı “Sərbəst insanlar ölkəsində” kitabı Əhməd bəy Ağaoğlunun insan azadlığı mövzusunda ən əhatəli əsərlərindən biridir. Bu əsərdə o, azadlığın kənardan verilən bir imtiyaz deyil, insanın öz içində axtarmalı olduğu bir keyfiyyət olduğunu vurğulamışdır. Azadlıq anlayışını dərin fəlsəfi baxışlarla izah edən Əhməd bəy yazırdı: “Əsarətin görünən bağlarını qırmaq üçün insan tamahını cilovlamalı, doğruluğu sevməli, həqiqətə dözməli və ləyaqət sahibi olmalıdır”.
Onun fikrincə, azadlıq heç vaxt yalnız sərbəstlik anlamına gəlmir. Əksinə, bu anlayış dürüstlük, cəsarət və məsuliyyətlə sıx bağlıdır. Əhməd bəyin fikrincə, azadlığın əsas şərti cəmiyyətdəki saxtakarlığın, qorxaqlığın və tamahkarlığın aradan qalxmasıdır. Belə bir mühitdə, insanın və cəmiyyətin həqiqətən azad olmasından danışmaq mümkündür.
Əhməd bəy və qadın azadlığı:
Qadın azadlığı məsələsini Şərqə gətirən ziyalı kimi Əhməd bəy Ağaoğlunun rolu əvəzsizdir. O, bu həssas mövzunu elmi tərəqqidən geri qalmış bir cəmiyyətdə müzakirə etməyin risklərini dərk edirdi. Buna görə də hüquqi yanaşmadan fərqli olaraq, dini baxış bucağını əsas götürərək “İslama görə və islamiyyətdə qadın” əsərini qələmə aldı. Əsərində islamın qadınlara verdiyi hüquqları və onların cəmiyyətdəki sosial rolunu dəqiq və aydın şəkildə təsvir etmişdir.
Əhməd bəy yazırdı: “Yalnız azad, müstəqil düşüncəyə malik ana və övrət olduğu halda, müsəlman qadını öz sosial funksiyalarını məqsədyönlü şəkildə həyata keçirə bilər. Yalnız bu halda o, övladlarına xarakter və iradə tərbiyə edib, ictimai həyat üçün vacib olan hiss və düşüncələri tətbiq etməyə qadirdir”. Bu fikir qadının sosial azadlığının təkcə onun şəxsi həyatına deyil, həm də cəmiyyətin inkişafına təsir etdiyini bir daha vurğulayır.
XX əsr Azərbaycan qadınının üzləşdiyi basqılar təkcə dini təsirlərdən qaynaqlanmırdı. Bununla yanaşı, ailə mentaliteti də qadınların həyatında ciddi məhdudiyyətlər yaradırdı. Əhməd bəy, Avropa cəmiyyətinə bələd bir ziyalı olaraq, Azərbaycan qadınını da hüquq və azadlıqlarını tələb edən, müasir düşüncəyə sahib bir insan kimi görmək istəyirdi. O, hesab edirdi ki, hüquqlarını müdafiə edən qadın cəmiyyətin rifahına töhfə verə bilər.
AKIN qəzetinin 28-ci sayında dərc olunan “Sərbəst qadın” məqaləsində o, bu fikrini daha qəti şəkildə ifadə edir: “Hüquqdan məhrum, kölə vəziyyətində olan qadının tərbiyə etdiyi cocuq, əlbəttə ki, hüquq sahibi, izzəti-nəfsli qadının yetişdirdiyi cocuqla yaşayış savaşında rəqabət edə bilməz, daima məhkum olar. Çünki hər iki qadının onlara təlqin edə biləcəkləri ruhi və zehni fəaliyyətlər bambaşqadır". Bu fikirlə Əhməd bəy vurğulayır ki, qadın azadlığı bilavasitə cəmiyyətin azadlığı ilə bağlıdır.
Qadın azadlığı ideallarının ailəsində tətbiqi:
Əhməd bəy Ağaoğlu qadın azadlığı ilə bağlı fikirlərini yalnız yazılarında deyil, ailəsində də tətbiq etmişdir. Onun qızı Sürəyya Ağaoğlu təkcə Azərbaycan deyil, dünya qadınlarına nümunə olacaq bir şəxsiyyət idi. O, atasının idealları əsasında formalaşmış, 1921-ci ildə Türkiyədə hüquq fakültəsinə qəbul olan ilk qız tələbə olmuşdur. 1925-ci ildə universiteti bitirən Sürəyya, Türkiyənin ilk qadın hüquqşünası kimi tarixə düşmüşdür. Bununla kifayətlənməyərək, Beynəlxalq Qadın Hüquqşünaslar Assosiasiyasının üzvü, BMT-nin Cenevrə təşkilatının nümayəndəsi və Hüquqşünas Qadınlar Federasiyasının vitse-prezidenti olmuşdur.
Əhməd bəyin digər qızı Tezər Ağaoğlu isə Ankara oğlanlar liseyində dərs deyən ilk qadın müəllimə və Kastamonudan seçilən ilk qadın deputat olmuşdur.
Əhməd bəy Ağaoğlunun qadın azadlığı ilə bağlı idealları sadəcə nəzəri fikirlərdən ibarət deyildi. O, ailəsində bu dəyərləri tətbiq etməklə həm öz cəmiyyətinə, həm də dünya ictimaiyyətinə nümunə göstərmişdir. Onun sözləri ilə desək: “Azad qadınsız milli inkişaf olmaz”. Bu fikir onun həm yaradıcılığında, həm də şəxsi həyatında öz təsdiqini tapmışdır.
Ayhan Ağarzayev
10:18 19.12.2024
Oxunuş sayı: 6041