Professor Şirməmməd Hüseynov tələbələrinin, həmkarlarının gözündə
Azərbaycan mətbuat və elm tarixinin dəyərli simalarından olan professor, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü Şirməmməd Hüseynov xalqımızın yaddaşında yalnız alim, pedaqoq, publisist kimi deyil, həm də vicdanlı, ədalətli insan, milli-mənəvi irsimizi qoruyub, gələcək nəsillərə ötürməklə müstəsna xidmət göstərmiş şəxsiyyət kimi qalıb. O, öz fədakar, gərgin fəaliyyəti ilə mətbuatın təkcə informasiya vasitəsi deyil, həm də xalqın milli kimliyini və mənəviyyatını qoruyan, yaşadan bir güc olduğunu sübut etmişdir.
Şirməmməd müəllimin adı yalnız jurnalistika elminin inkişafı, tədrisi ilə deyil, həm də Azərbaycan Cümhuriyyətinin irsinin və zəngin mətbuat tariximizin, milli-azadlıq dəyərlərimizin tədqiqi ilə bağlıdır. O, XX əsrin əvvəllərində dərc olunan "Həyat", "Molla Nəsrəddin", "Açıq Söz" kimi qəzetlərin və jurnalların ictimai əhəmiyyətini üzə çıxararaq, o dövrün intellektual və milli mübarizəsinin güzgüsü olduğunu göstərmişdir.
Bütöv bir nəsil jurnalist ordusunun müəllimi olmuş professor Şirməmməd Hüseynovun 100 illik yubileyi münasibətilə onun haqqında bu gündən etibarən Crossmedia.az saytı olaraq “Jurnalistikanın Şirməmməd Hüseynov zirvəsi” adlı rubrika çərçivəsində rəylərdən, xatirələrdən, müsahibə və məqalələrdən ibarət olan təqdimatlar edəcəyik. Təqdim etdiyimiz bu yazıda isə onun tələbələrinin, müasirlərinin, həmkarlarının maraqlı fikirlərini cəmləmişik.
Müəllimi Şirməmməd Hüseynovun siyasi icmalçı kimi analitik jurnalistikada açdığı yeni üslub, yanaşma haqqında BDU Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru, əməkdar jurnalist, geosiyasi məsələlər üzrə analitik Vüqar Zifəroğlu təəssüratlarını bölüşüb:
Şirməmməd müəllim tarix, fəlsəfə, politologiya və əlbəttə ki, jurnalistika sahələrində dərin biliyə malik idi. Bu, ona siyasi hadisələri tarixi proseslər və qlobal meyillərlə əlaqələndirərək kompleks təhlil aparmağa imkan verirdi. O, eyni zamanda dünyada baş verən siyasi prosesləri sadələşdirilmiş qiymətləndirmələrə meylli deyildi. Bunda isə onun özünün də dediyi kimi, riyazi-məntiqi yanaşması olduqca əhəmiyyətli rol oynayırdı. O, siyasi hadisələri diqqətlə təhlil edir, onların ziddiyyətlərini və gizli motivlərini aşkarlayırdı. Tənqidi yanaşması ona hadisələrin dərin səbəblərini görməyə imkan verirdi. Şirməmməd müəllimi həmin dövrün konyuktur siyasi icmalçılarından fərqləndirən əsas xüsusiyyətlərdən biri də məhz bu idi. O, dünya siyasətindəki prosesləri şərh edərək, beynəlxalq məsələlərə dair analizlərində, qlobal proseslərə münasibətini tamaşaçılara izah etməkdə peşəkar yanaşması ilə seçilirdi. Öz yanaşmalarında tarixi təhlil, sosiologiya və kulturologiya metodlarını uğurla birləşdirirdi. Belə çoxfənnli yanaşma ona siyasi vəziyyətə daha dolğun və obyektiv qiymət verməyə imkan verirdi.
Bu mənada Şirməmməd müəllimdən siyasi analizlərin düzgün verilməsi ilə bağlı həmişə məsləhətlər alırdım, özü də efirdə çıxışlarımı izlədikdən sonra zəng edib münasibətini bildirirdi. Tam səmimi deyim, siyasi icmal və onun təqdimatı texnologiyası ilə bağlı müəllimimdən aldığım məsləhətlər olduqca qiymətlidir və onlara hər zaman əməl edirəm.
Tələbəsi olduğu vaxtdan vəfatının son gününədək Şirməmməd Hüseynovla bir fakültədə olmuş, çalışmış professor, BDU-nun Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli müəllimini bir şəxsiyyət kimi təqdim edib.
İnsanın şəxsiyyət kimi formalaşmasının bir sıra atributları, statusları var. Şirməmməd müəllim lap cavan vaxtlarından bu atributlara sahib olub. Onlardan birincisi onun insan kimi təhsilə, elmə yüksək səviyyədə yiyələnməsidir. İkincisi bu elmi bacarığını praktikada reallaşdırmasıdır. Üçüncüsü müəllim sözünü öz fəaliyyətinin müqəddəslik zirvəsinə qaldırmasıdır. Dördüncüsü həyatının bütün çağlarında həqiqətə söykənməsidir. Beşincisi bu həqiqətdən doğan cəsarətdir.
Şirməmməd müəllim Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini elə bir təmizlik simvoluna çevirmişdir ki, bu simvolu pozmağa heç kimin cəsarəti çatmaz. Onun təmiz vicdanı, təmiz münasibəti dərs demiş olduğu bütün tələbələrinin fəaliyyətində həmişə özünü göstərmiş və göstərməkdədir. Jurnalistikamızda, elmimizdə, müəllimlikdə "Şirməmməd Hüseynov məktəbi" deyilən bir anlayış var. Bu anlayış onun özündən sonra da yaşamaqdadır".
Şirməmməd Hüseynovun tələbəsi və onun dostu kimi tanınan BDU-nun Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli müəllimi ilə dostluq xatirələrini bölüşüb:
Şirməmməd Hüseynov bir elm adamı, tədqiqatçı və mətbuatda tarixi yaddaşımızın keşikçisi kimi çox böyük şəxsiyyətdir. Şirməmməd müəllim tələbəlik illərimdə xarici ölkə mətbuatından mənə dərs deyirdi və fərqli üslubu ilə seçilirdi. Biz onu çox sevirdik. Mühazirələrində bizə azadlıq məfhumundan danışırdı. Bir dəfə danışanda qeyd etdi ki:
"Bir ölkə inqilab edərək azadlığa qovuşdu. Sonra xarici müdaxilə ilə o müstəqilliyi millətin əlindən almağa çalışdılar. Amma millət etiraz etdi. Bilirsinizmi niyə? Çünki müstəqillik şirin bir şeydir. Onu dadan millət geri çəkilmir. Balaca uşağa konfet versən onun dadını bəyənəcək və onu uşaqdan ala bilməzsən. Millət də azadlığı bu cür əlindən vermək istəmir". Bu cür nümunələrlə bizə müstəqillik mesajları verirdi.
Universiteti bitirdikdən sonra televiziyada işləməyə başladım. Arada Şirməmməd müəllimlə görüşürdük, amma əsl dostluğumuz 1990-cı illərdə xalq hərəkatı zamanı başladı. O dövrdə Şirməmməd müəllim gəzən arxiv, ensiklopediya kimi idi. XX əsrin əvvəllərində dərc olunan "Həyat", "Füyuzat", "Molla Nəsrəddin" kimi nəşrlərdən danışır, "Açıq Söz" qəzetindən sitatlar gətirirdi. 1993-1995-ci illərdə apardığım "Yeddi gün" proqramında əməkdaşlığımız daha sistemli hala gəldi. O verilişlərdə Şirməmməd müəllim tez-tez ekspert kimi qonaq olurdu və həm beynəlxalq mövzulardan, həm də ölkəmizin problemlərindən danışırdı. Onun biliyinin dərinliyi məni heyran edirdi. O, bir dərya idi. Cümhuriyyət və onun qurucuları haqqında çox danışırdı. Üzeyir bəy Hacıbəylinin publisistikasını sevirdi və araşdırırdı.
1998-ci ildən BDU-da müəllim olaraq işləməyə başladıqdan sonra onunla daha tez-tez görüşürdük. 2018-ci ildə AXC-nin 100 illiyi ilə bağlı Prezident İlham Əliyevin sərəncamından sonra bütün televiziya kanallarında onun haqqında danışırdıq.
Şirməmməd müəllimlə dostluğumuz məni onun çevrəsində olan başqa parlaq şəxsiyyətlərlə təmasa gətirirdi. Xalq şairi Bəxtiyar Vahabzadənin evinə tez-tez gedirdik, görkəmli alim Azad Mirzəcanzadə ilə görüşlərimiz olurdu və onların Şirməmməd müəllimə olan xoş münasibətini görürdüm.
O, əsl elm fədaisi idi. Vəfatından bir il əvvəl tez-tez görüşürdük. Milli Məclisin sədr müavini və görkəmli filoloq Rafael Hüseynovla birlikdə onun evinə gedir, araşdırmaları haqqında məlumat alırdıq. Şirməmməd müəllim 1950-ci ildən bu yana ölkədə baş verən hadisələri sistemli, elmi, emosional şəkildə izah edirdi və biz onu dinləməkdən zövq alırdıq.
Onun ən gözəl xüsusiyyəti bu millətə, mətbuata və elmə təmənnasız xidmət etməsi idi. Təəssüf ki, bu keyfiyyət bir çox alimlərdə çatışmır. Bəziləri Cümhuriyyət haqqında mövzuları maddi mənbəyə çevirsə də, Şirməmməd müəllim üçün bu, millət və ləyaqət məsələsi idi. O, bu missiyanı sonuna qədər şərəflə yerinə yetirdi.
Şirməmməd Hüseynovun dərs dediyi tələbələrdən Crossmedia.az saytının baş redaktoru, BDU Jurnalistika fakültəsinin müəllimi Mübariz Göyüşlü ustadı haqqında ürək sözlərini dilə gətirib:
Şirməmməd müəllim çox prinsipial, tələbkar və məsuliyyətli bir müəllim kimi yaddaşımda qalıb. Onun tədris etdiyi dərsə böyük həvəslə yanaşması, zəngin məlumatlarla bizə çatdırması o anları unudulmaz edirdi. Mənim də tarixə, mətbuat tariximizə xüsusi marağım və həvəsim var idi. Bu həvəs və Şirməmməd müəllimin verdiyi informasiyalar məndə o məsələlərə xüsusi münasibət formalaşdırırdı. Bəlkə də elə buna görə aramızda xoş münasibətlər yaranmışdı. Mənə zarafatla “mirzə” deyirdi.
Maraqlı bir xatirəmi də fürsət var ikən bölüşmək istərdim. Mən BDU Jurnalistika fakültəsinə daxil olduğum birinci kursdan mətbuatda çalışırdım. Bir dəfə redaksiyada işlərimin çoxluğu səbəbindən müəllimin dərsinə gecikmişdim. O isə həmin dərsdə yoxlama (o vaxt üçün “zaçot” deyirdik) keçirirdi. Gəldim ki, hamı qiymət alıb gedib və mən Şirməmməd müəllimlə qapıda qarşılaşdım. Aramızdakı xüsusi münasibətə baxmayaraq gecikməyindən çox narazı qalmışdı və mənə möhkəm hazırlaşmağı tapşırdı. Dərsə bütövlükdə və çox geniş şəkildə hazırlaşdım, demək olar ki, bütün mühazirələri imtahanda olan kim soruşdu, cavab verdim. Əvvəl bir az narahat olsam da, yoxlamanın sonunda “məqbul” almağım bütün gərginliyimə nəinki son qoydu, həm də o tədqiqatlara bir daha yenidən baxmış, oxumuş, tanış olmuş oldum. Məhz bu cür universitet dərsi və həyat dərsi məni sonradan magistraturaya daxil olmağa, mətbuat tariximizlə bağlı magistr işi yazmağıma səbəb oldu.
Müəllimim haqqında xatirələrim genişdir. Sonda onu qeyd etmək istərdim ki, onun prisipiallığı və jurnalistikaya yanaşması mənə bu ixtisası çox sevdirdi. Bir fikri isə hər zaman yaddaşımda qaldı və indiyə qədər də ona əməl etməyə çalışıram: “Əgər jurnalistdən, onun qələmindən çəkinmirlərsə, deməli o özünü və imzasını tanıtdıra, təqdim edə bilməyib”. Bu fikir mənim jurnalist fəaliyyətim, çalışmam boyunca bir şüar olub fəaliyyətimi yönləndirir.
Şirməmməd Hüseynovun tələbəsi olmuş BDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Aygün Əzimova müəllimini bir tədqiqatçı kimi xarakterizə edib:
Tarixi həqiqətləri və gerçəklikləri, dövrün fakt, hadisə və problemlərini təhrifsiz, yeni müstəvidə obyektiv araşdırmaq çox vacibdir. Azərbaycan mətbuatının yorulmaz tədqiqatçısı, dəyərli müəllimim Şirməmməd Hüseynovun tarixin qaranlıq qalan səhifələrində həqiqət axtarışına çıxan elmi araşdırmalarının əsas qayəsi məhz budur. Bu tədqiqatlar bizim hər birimiz üçün, Şirməmməd müəllimin təbirincə desək, “Keçmişimizi öyrənmək, dərk etmək, ondan faydalanmaq və ibrət dərsi götürmək” baxımından yol xəritəsidir. Bu xəritədə Şirməmməd müəllimin vətəndaşlıq mövqeyi ilə vətən, millət sevgisinin vəhdəti əsas yer tutur.
Biz bu gün Ş. Hüseynovun tədqiqatlarından necə yararlanırıq? Adları və yazdıqları qadağan edilmiş istiqlal mücahidlərimizin milli azadlıq və ədalət uğrunda mübarizələrini “Milli haqq və ədalət axtarışında” arayır, mənəvi irsimizin açılmamış səhifələrinə aydınlıq gətirməklə tarixi yaddaşımızı “Mənəvi irsimiz və gerçəklik”də vərəqləyirik. Vətən tariximizi Şirməmməd müəllimin “Mətbu irsimizdən səhifələr”də mənimsəyərək bugünkü günümüzün reallıqları ilə tarixi keşmişimiz arasında əlaqələri və bağları bu tədqiqatlarda öz əksini tapan tarixi sənədlər, uzun illər yasaq altında saxlanmış arxiv materialları əsasında öyrənirik. Öyrənirik ki, tanrının verdiyi ömür payının məhsulları olan bu tədqiqatları gələcək nəsillərə bir xəzinə kimi ötürək.
Şirməmməd müəllimin həyat yolu bizim üçün bir məktəbdir. Bu məktəbin müdavimləri istər klassik irsimizlə bağlı tədqiqatlarında, istərsə də pedaqoji fəaliyyətlərində Şirməmməd Hüseynov şəxsiyyətinin miras qoyduğu həqiqətin, haqqın, ədalətin carçısı kimi sözün və doğruluğun yolu ilə gedərək müasir və gələcək nəslin qarşısına müqəddəs bir vəzifə qoymuş olacaq.
Şirməmməd Hüseynovun göstərişi ilə fakültədə işləməyə qərar vermiş tələbəsi BDU Jurnalistika fakültəsinin dekan müavini Samir Xalidoğlu müəlliminin tələbələrə münasibətindən danışıb:
Şirməmməd müəllim dərsinə çox ciddi yanaşan bir müəllim idi. Hər bir dərsə xüsusi hazırlıqla gəlirdi və hər dərs auditoriyaya yeni informasiya ötürürdü. Tələbkar müəllim idi. Tələbələrə ötürdüyü bütün informasiyaları onlardan tələb edirdi.
Şirməmməd müəllimin bir sözü var idi: "Savadsız adamdan vətənpərvər olmaz. Vətənpərvər insana savad lazımdır. Çünki vətənpərvər insanın hər hansısa ölkədə yaxud xarici qonaqların olduğu məclisdə onun vətənpərvərliyi biliyə, savada söykənmirsə, o orada aciz qalacaq."
Şirməmməd müəllim yalanı, saxtakarlığı sevmirdi. O tip tələbələr onun gözünün düşməni idi. Şirməmməd müəllimin bir müəllim kimi təəccübləndirmək çox çətin məsələ idi. Gərək xüsusi istedadın, qabiliyyətin yaxud bacarığın olardı ki, Şirməmməd müəllimin diqqətini cəlb edə biləsən. Tale elə gətirdi ki, mən əski yazını yaxşı mənimsədiyimə görə, həm də buraxılış işi yazarkən o əlifba ilə olan iş götürmüşdüm. Mövzunu yaxşı işləmiş və müəllimin diqqətini cəlb etmişdim. Mənim tədqiqata meyilli olmağım və əski yazını yaxşı bilməyimin sayəsində Şirməmməd müəllim məni xüsusi diqqətə götürdü və o vaxt Şirməmməd müəllim məsələ qaldırdı ki, mən fakültədə qalmalıyam, təhsilimi davam etdirməliyəm.
Həm fakültədə qalıb təhsilimi davam etdirməyimdə, həm də dissertanturada oxumağımda Şirməmməd müəllimin böyük rolu var.
Ayhan Ağarzayev
06:59 07.12.2024
Oxunuş sayı: 18362