Keçmiş nazir xəbərdarlıq, deputatlar isə etiraz edir
Azərbaycan iqtisadiyyatının mövcud vəziyyəti və uzunmüddətli inkişaf perspektivləri ilə bağlı səsləndirilən fikirlər ölkədə iqtisadi siyasətin effektivliyi ətrafında müzakirələri yenidən aktuallaşdırıb.
Mütəxəssislər hesab edirlər ki, qlobal rəqabət mühitində dayanıqlı artımın təmin olunması üçün struktur islahatların sürətləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və iqtisadi aktivliyin genişləndirilməsi əsas prioritetlərdən biri kimi çıxış edir.
Azərbaycanın keçmiş maliyyə naziri, professor Saleh Məmmədov ölkə iqtisadiyyatı ilə bağlı paylaşımında mövcud makroiqtisadi göstəricilərin narahatedici tendensiyalar ortaya qoyduğunu bildirib.
Onun sözlərinə görə, ciddi islahatlar həyata keçiriləcəyi təqdirdə Azərbaycan 2050-ci ildə dünyanın ən inkişaf etmiş 15 ölkəsi sırasına daxil olmaq potensialına malik olsa da, mövcud siyasətin davamı iqtisadi artım tempinin zəifləməsi və rəqabət qabiliyyətinin azalması risklərini artırır.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Azər Badamov Crossmedia.az-a açıqlama verərək, ölkədə təcilli islahatların görülməsinə ehtiyac olmadığını bildirib:

"Çünki, islahatlar mütəmadi olaraq görülür. Məhz dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, iqtisadi qanunlarda mütəmadi dəyişiklikılərin edilməsi və dövrün tələblərinə uyğunlaşdırılması prosesi davam etdirilir.
O cümlədən vergi məcəlləsində hər il dəyişikliklər edilir. Sahibkarlğın inkişafına dəstək tədbirləri genişləndilir və ölkənin investisya mühiti optimallaşdırılır.
Bu baxımdan ölkə iqtisadiyyatı da dinamik inkişaf edir. Düzdür, son illər neft hasilatının təbii azalması ÜDM -in də azalmasına öz təsirini göstərmişdir. Amma qeyri-neft sektoru artm tempini qoruyur və neftdən azalmalarını kompensasiya edir. Etiraf etməliyik ki, dövlət büdcəmiz uzun illər neft üzərində fokslanmışdı.
Bununla yanaşı, qeyri-neft sektoru inkiaf edir və dövlət büdcəsinin formalşamsında payı artmaqdadır.
Belə ki, 2029-cu ilə qədər dövlət büdcəsinin 80% qeyri-neft sektorunun üzərinə keçirilməsi hədəflənmişdir. Bu gün qeyri-neft sektorunda bir çox sahələr vergidən azaddır və ona görə də həmin sahələrdə əldə olunan gəlirlərdən dövlət büdcəsinə vergilər gəlmir.
Amma bu azadolmalar müvəqqətidir və müddətlər başa çatandan sonra qeyri-neft sektorundan dövlət büdcəsinə gələcək gəlirlərin həcmi kifayət qədər artacaqdır.
Məhz ölkədə aparılan sosial-iqtisadi siyasətin uğurudur ki, ölkə iqtisadiyyatı dinamik inkişaf edir və hər il insanların rifahına bir başa təsir göstərən sosial tədbirlər davam etdirilir.
Bu baxımdan təcilli islahatılar görülməsə ölkə iqtisadiyyatının acınacaqlı vəziyyətə düşəcəyi ilə bağlı səsləndilən fikiləri əsassız hesab edirəm".
Məsələ ilə bağlı həmçinin deputat Vüqar Bayramov da öz fikirlərini bölüşüb:

"Azərbaycan iqtisadiyyatı son illər artım tempini qoruyub saxlamışdır. Ən mühüm struktur dəyişikliklərindən biri isə iqtisadi artımın getdikcə qeyri-neft sektoru hesabına formalaşmasıdır. Bu tendensiya ölkə iqtisadiyyatının şaxələndirilməsi və dayanıqlılığının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Qeyri-neft sektorunda müşahidə olunan artım tempi ümumi iqtisadi artımı üstələyir ki, bu da uzunmüddətli dayanıqlı inkişafın əsas göstəricilərindən biri kimi qiymətləndirilə bilər.
2016-cı ildən etibarən aparılan proqnozlar da iqtisadi artımın davamlı olacağını, xüsusilə qeyri-neft sektorunun həm ixrac, həm də idxal əməliyyatlarında payının artacağını göstərmişdir.
Bu faktlar bir daha təsdiq edir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı əsaslar üzərində inkişaf edir.
Digər mühüm göstərici isə ölkənin strateji valyuta ehtiyatlarının həcmidir. Azərbaycanın valyuta ehtiyatları 80 milyard ABŞ dollarından çoxdur ki, bu da nominal ümumi daxili məhsulun həcmindən artıqdır. Bu göstərici maliyyə sabitliyinin və makroiqtisadi təhlükəsizliyin mühüm təminatlarından biri hesab olunur.
Beləliklə, iqtisadi artımın əsasən qeyri-neft sektoru hesabına təmin olunması iqtisadiyyatın strukturunun sağlamlaşdırılması və xarici təsirlərə qarşı davamlılığın artırılması deməkdir.
Son dövrlərdə həyata keçirilən institusional və struktur islahatları da iqtisadi inkişafın dərinləşməsinə və yeni stimulların formalaşmasına zəmin yaratmışdır".
Elmir Heydərli
12:01 27.02.2026
Oxunuş sayı: 1485