İllər əvvəl Netanyahu ilə görüşən keçmiş nazir: O zaman cənab prezidentə çatdırmışdım ki... -FOTO
Azərbaycan özünün xarici siyasət kursuna uyğun olaraq, strateji tərəfdaş ölkələrlə siyasi dialoqun intensivləşdirilməsi və əməkdaşlığın dərinləşdirilməsi istiqamətində ardıcıl addımlar atılır. Bu baxımdan, Azərbaycanla İsrail arasında mövcud olan qarşılıqlı etimada əsaslanan münasibətlərin inkişafı çərçivəsində növbəti yüksək səviyyəli diplomatik təmas baş tutub. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan İsrail Dövlətinin xarici işlər naziri Gideon Saar ilə görüşüb.
Görüş Azərbaycan-İsrail münasibətlərinin siyasi, iqtisadi və humanitar sahələr üzrə mövcud vəziyyətinin qiymətləndirilməsi, eləcə də əməkdaşlığın gələcək perspektivlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyıb. Tərəflər ikitərəfli əlaqələrin regional və beynəlxalq proseslər fonunda strateji xarakterini vurğulayıb, qarşılıqlı səfərlərin münasibətlərin daha da möhkəmlənməsinə xidmət etdiyini qeyd ediblər.

Bakı - Təl-Əviv münasibətlərinin cari vəziyyəti barədə Crossmedia.az-a danışan keçmiş xarici işlər naziri Elmar Məmmədyarov söyləyib ki, dövlətlər arasında çox əlaqələr qurulub: "Mən 2013-cü ildə hələ xarici işlər naziri olarkən ilk rəsmi səfərimi İsrailə etmişəm. Həm Fələstində, həm də İsraildə olmuşdum. Həmin səfər zamanı hazırkı baş nazir Benyamin Netanyahu ilə görüşümüz baş tutmuşdu. İsrail Azərbaycanla sıx əməkdaşlıq qurmaqda son dərəcə maraqlıdır. Bunu mən o zaman cənab prezidentə də çatdırmışdım. Baş nazir Netanyahu bir neçə dəfə Azərbaycana həm rəsmi, həm də işgüzar səfərlər edib. Nəticədə Azərbaycanla İsrail arasında əlaqələr xeyli inkişaf edib. Bununla yanaşı, Azərbaycandan İsrailə köç etmiş çoxsaylı Azərbaycan vətəndaşları orada aktiv fəaliyyət göstərirər. Eyni zamanda öz vətənləri ilə əlaqələrini davam etdirirlər və tez-tez Azərbaycana səfər edirlər. Azərbaycanda yəhudi icması da inkişaf edir. Bütün bunlar göstərir ki, Azərbaycan ilə İsrail arasında əlaqələr yüksək səviyyədədir".
Elmir Heydərli
15:08 27.01.2026
Oxunuş sayı: 466