Azərbaycan İsrail əlaqələrində mühüm Zəngəzur dəhlizi faktoru - Detallar açıqlandı
Azərbaycanla İsrail arasında iqtisadi əməkdaşlığın inkişafı istiqamətində tərəflərin qarşılıqlı maraqları daha da güclənir. İkitərəfli münasibətlərin əsas istiqamətlərindən biri kimi qiymətləndirilən ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi İsrail tərəfinin prioritetləri sırasında yer alır.
Bu barədə İsrailin xarici işlər naziri Gideon Saar Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında açıqlama verib. Nazir bildirib ki, məhz bu məqsədlə İsrail Azərbaycana geniş tərkibli nümayəndə heyəti ilə səfər edib və bu heyət ölkələr arasında iqtisadi əlaqələrin daha da dərinləşdirilməsinə xidmət edəcək.
İsrailli nazirin səsləndirdiyi fikirlər və iki ölkə siyasi- iqtisadi münasibətlərin inkişafı barədə Crossmedia.az-a danışan politoloq İlqar Vəlizadə söyləyib ki, İsrail texnoloji baxımdan son dərəcə mütərəqqi ölkələrdəndir: "Bu ölkənin müxtəlif sahələrdə tətbiq etdiyi texnologiyalar Qərb ölkələrinin texnologiyalarından heç də geri qalmır, bəzi hallarda isə hətta onları üstələyir. Azərbaycan–İsrail münasibətlərinin inkişafının əsasını da məhz bu cür qabaqcıl texnologiyaların mənimsənilməsi və onların iqtisadiyyatda geniş şəkildə tətbiqi təşkil edir. Xüsusilə kənd təsərrüfatı, emal sənayesi, səhiyyə və təhsil sahələri bu baxımdan prioritet istiqamətlər kimi çıxış edir. Eyni zamanda enerji sahəsində əməkdaşlıq da olduqca sürətlə inkişaf edir. Azərbaycanın neft şirkəti SOCAR artıq İsrailin şelfində bir neçə layihədə iştirak edir və çox güman ki, bu yalnız başlanğıcdır. Gələcək illərdə bu əməkdaşlığın məhz enerji sektorunda daha da dərinləşəcəyi gözlənilir. Ənənəvi enerji resursları ilə yanaşı, qeyri-ənənəvi, yəni yaşıl enerji sahəsində də birgə layihələr mövcuddur və ehtimal olunur ki, bu istiqamət də qarşıdakı illərdə enerji əməkdaşlığının əsas səciyyəvi cəhətlərindən birinə çevriləcək".

O bildirib ki, ikitərəfli ticarət dövriyyəsi müxtəlif illərdə fərqli göstəricilərlə ölçülsə də, ümumilikdə Azərbaycanın Yaxın Şərqdəki digər tərəfdaşları ilə müqayisədə daha yüksək səviyyədədir: "Bu da tərəflər arasında real maraqların mövcud olduğunu və bu maraqların hazırda müxtəlif layihələr çərçivəsində reallaşdırıldığını göstərir. Bu əlaqələrin inkişafı nəticəsində orta və kiçik biznes subyektləri üçün də geniş imkanlar yaranır. Dünən Bakıda keçirilən biznes forumu bunun bariz nümunəsidir. Bu kontekstdə əsas amillərdən biri də iki ölkə arasında uçuş reyslərinin sayının artırılması, ümumilikdə nəqliyyat əlaqələrinin təkmilləşdirilməsidir. Gələcəkdə, coğrafi və geosiyasi mürəkkəbliyə baxmayaraq, digər nəqliyyat layihələrinin də gündəmə gəlməsi istisna edilmir. Xüsusilə Zəngəzur dəhlizinin açılması Azərbaycanın Yaxın Şərq ölkələri ilə münasibətlərini daha da dərinləşdirə bilər və bu prosesdə İsrail mühüm tərəfdaşlardan biri kimi çıxış edə bilər. Beləliklə, perspektivdə Zəngəzur dəhlizi Azərbaycanı İsraillə daha sıx bağlayan strateji amillərdən birinə çevrilə bilər".
Elmir Heydərli
12:26 27.01.2026
Oxunuş sayı: 736