İran XİN müavinindən mesajlar: Tehran Bakının səssiz qalmasını istəyə bilər
İran və Azərbaycan arasındakı diplomatik münasibətlər tarixin müxtəlif mərhələlərində mürəkkəb və gərgin dövrlərdən keçib. Regional proseslər, geosiyasi maraqlar, eləcə də qarşılıqlı etimadın müəyyən dövrlərdə zəifləməsi ikitərəfli əlaqələrdə soyuqluq yaradıb. Bununla belə, son illərdə həyata keçirilən qarşılıqlı səfərlər, yüksək səviyyəli təmaslar və diplomatik dialoqun intensivləşməsi onu deməyə əsas verir ki, hazırkı mərhələdə İran–Azərbaycan münasibətləri ümumilikdə stabil xarakter daşıyır və müəyyən inkişaf meyilləri müşahidə olunur.
Bu kontekstdə İran xarici işlər nazirinin müavini Vahid Cəlalzadənin Bakıda mətbuat üçün keçirilən brifinqdə səsləndirdiyi fikirlər diqqət çəkir. O, çıxışı zamanı Azərbaycanla münasibətlərin müsbət dinamikada inkişaf etdiyini vurğulayıb və tərəflər arasında dialoqun davam etdirilməsinin əhəmiyyətinə toxunub. Rəsmi Tehranın bu cür mesajları regional sabitliyin qorunması və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın saxlanılması niyyətini nümayiş etdirməklə yanaşı, münasibətlərin gələcək perspektivləri ilə bağlı da müəyyən gözləntilər formalaşdırır.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Razi Nurullayev Crossmedia.az-a açıqlama verib: "Bu cür bəyanatlara soyuqqanlı yanaşmaq lazımdır. Doğrudur, son vaxtlar Azərbaycanla İran arasında dialoq və müəyyən yumşalma var. Ticarət, sərhəd təhlükəsizliyi və nəqliyyat kimi sahələrdə əməkdaşlıq hər iki tərəf üçün maraq kəsb edir. Amma eyni zamanda nəzərə almaq lazımdır ki, İran tez-tez “dostluq” və “müsbət münasibətlər” ifadələrini siyasi məqsədlər üçün istifadə edir. Ölkə daxilində gərginlik və etirazlar olan dövrdə Tehran qonşu ölkələrin, o cümlədən Azərbaycanın səssiz qalmasını istəyə bilər. Ona görə də bu bəyanat Azərbaycanın İrandakı hadisələrə münasibət bildirməsinin qarşısını almaq və Bakını ehtiyatlı mövqedə saxlamaq məqsədi də daşıya bilər. Azərbaycan üçün ən doğru yol emosiyalara qapılmadan milli maraqları və təhlükəsizliyimizi qəti şəkildə qorumaqdır. Əməkdaşlıq və dostluq vacibdir, amma ölkələrlə münasibətlərdə sözlərə yox, real addımlara inanmaq lazımdır".
Ayhan
10:53 26.01.2026
Oxunuş sayı: 561