Təhsil artıq yalnız sosial məsuliyyət deyil, iqtisadi səmərəlilik məsələsidir - Müsahibə
Müasir dövrdə dayanıqlı iqtisadi inkişafın əsas şərtlərindən biri insan kapitalının gücləndirilməsi və təhsil sisteminin inklüziv prinsiplər əsasında qurulmasıdır. Qlobal çağırışlar fonunda bilik, innovasiya və gənc nəslin intellektual potensialı ölkələrin rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdən birinə çevrilib.
Bu kontekstdə inklüziv təhsil ekosisteminin formalaşdırılması biliyə əsaslanan iqtisadi modelin qurulmasında mühüm rol oynayır. İqtisadiyyat naziri Mikayıl Cabbarovun Beynəlxalq Təhsil Günü münasibətilə səsləndirdiyi fikirlər də gənclərin təhsildə fəal iştirakının və onların potensialının reallaşdırılmasının ölkənin uzunmüddətli inkişaf strategiyasında prioritet istiqamət olduğunu bir daha göstərir.
Məsələ ilə bağlı Azərbaycan Gənc Alim, Doktorant və Maqistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Crossmedia.az-ın suallarını cavablandırıb:
— Son dövrlər iqtisadi siyasətdə inklüziv təhsil anlayışı tez-tez vurğulanır. İqtisadiyyat naziri Mikayıl Cabbarovun “inklüziv təhsil ekosistemi iqtisadi modelin təməlidir” fikrini siz necə şərh edərdiniz?
— Bu yanaşma müasir iqtisadiyyatda insan kapitalı nəzəriyyəsinə və davamlı inkişaf konsepsiyasına əsaslanan elmi baxımdan son dərəcə əsaslı mövqedir. Mikayıl Cabbarovun bu fikri təhsilin sadəcə sosial xidmət deyil, birbaşa iqtisadi artımın əsas hərəkətverici qüvvəsi olduğunu göstərir. Yəni təhsil artıq yalnız sosial məsuliyyət deyil, iqtisadi səmərəlilik məsələsidir. Bu baxımdan inklüziv təhsil ekosistemi ölkənin təbii resurslardan asılılığını azaltmaqla, iqtisadi gücün əsas ölçü vahidini insan kapitalının keyfiyyətinə çevirir.
— İnklüziv təhsil anlayışının iqtisadi məzmunu nədən ibarətdir və bu model cəmiyyətə nə qazandırır?
— İnklüziv təhsil sosial statusundan, fiziki imkanlarından və coğrafi mövqeyindən asılı olmayaraq hər bir fərdin keyfiyyətli təhsilə çıxışını təmin edən sistemdir. İqtisadi baxımdan bu, insan kapitalının tam səfərbər olunması deməkdir. Əgər cəmiyyətin müəyyən təbəqələri təhsil imkanlarından kənarda qalırsa, biz əslində potensial beyinləri itirmiş oluruq. İnklüziv model isə bu beyinləri iqtisadi sistemə geri qaytarır və onları passiv sosial subyektdən aktiv iqtisadi agentə çevirir.
— Xüsusilə sosial həssas qrupların və fiziki məhdudiyyətli şəxslərin təhsilə inteqrasiyası iqtisadi sistemə hansı real təsirləri göstərir?
— Bu, birbaşa əmək bazarının diversifikasiyası və sosial yükün azalması deməkdir. Fiziki məhdudiyyətli və sosial baxımdan həssas qrupların təhsil alması onları dövlətdən asılı sosial yardım alan subyektdən vergi ödəyən, dəyər yaradan işçi qüvvəsinə çevirir. Nəticədə həm dövlət büdcəsi üzərindəki sosial yük azalır, həm də daxili istehlak bazarı canlanır. Bu, uzunmüddətli dövrdə dövlət üçün ən səmərəli investisiya formalarından biridir.
— Rəqəmsal transformasiya və qlobal çağırışlar fonunda inklüziv təhsil Azərbaycanın iqtisadi gələcəyinə hansı strateji üstünlükləri qazandırır?
— Dördüncü sənaye inqilabı və rəqəmsal iqtisadiyyat şəraitində hər bir fərdin texnoloji savadlılığı əsas şərtə çevrilib. Regionlarda rəqəmsal təhsilin inklüziv təşkili coğrafi bərabərsizliyi aradan qaldırır, distant iş və distant təhsil modelləri isə insan kapitalının ölkə üzrə balanslı inkişafını təmin edir. Eyni zamanda inklüziv mühit fərqli sosial mənşəli insanların bir arada olması ilə innovativ və yaradıcı ekosistemi formalaşdırır. Bu isə həm insan inkişafı indeksinin yüksəlməsi, həm də beynəlxalq investorlar üçün daha stabil və riskləri az olan iqtisadi mühit deməkdir.
Elmir Heydərli
10:13 26.01.2026
Oxunuş sayı: 1241