ABŞ Azərbaycanın təhlükəsizliyinə necə töhfə verir? - Parlamentari açıqladı
Azərbaycan müasir dövrdə siyasi və iqtisadi müstəqilliyini qorumaqla yanaşı, onu daha da gücləndirməyə yönəlmiş ardıcıl siyasət həyata keçirir. Ölkə eyni zamanda müxtəlif beynəlxalq tərəfdaşlarla əlaqələrini genişləndirərək çoxtərəfli əməkdaşlıq strategiyasını davam etdirir. Prezident İlham Əliyevin Davos Ümumdünya İqtisadi Forumunda səsləndirdiyi fikirlər də göstərir ki, Azərbaycanın Avropa İttifaqının bir sıra üzv dövlətləri, Çin və Birləşmiş Ştatlarla strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bu əlaqələr ölkənin uzunmüddətli inkişaf baxışının tərkib hissəsidir. Qlobal ticarət və iqtisadi sistemdə baş verən dəyişikliklər fonunda Azərbaycan milli iqtisadi suverenliyin qorunmasını prioritet hesab edir və bu məqsədlə bəzi beynəlxalq strukturlara qoşulmaqdan imtina edib.
Mövzu barədə Milli Məclisin deputatı Elşad Musayev Crossmedia.az-a bildirib ki, Azərbaycan həm siyasi, həm də iqtisadi sahədə balanslı və çevik siyasət yürüdür:
“İqtisadi sahədə bizim həm Avropa İttifaqı ilə, həm Rusiya ilə, həm də yaxın ətraf ölkələrlə, eyni zamanda qardaş ölkə Türkiyə ilə geniş iqtisadi əlaqələrimiz mövcuddur. Azərbaycan çoxtərəfli münasibətlər sisteminə malikdir və bu siyasət məqsədyönlü şəkildə davam etdirilir”.
Deputat qeyd edib ki, yaxın vaxtlarda ABŞ Dövlət Departamenti, Ticarət Palatası və Ticarət Nazirliyinin Azərbaycanda biznes missiyası ilə bağlı səfəri planlaşdırılır:
“Bu səfər özü-özlüyündə ABŞ-Azərbaycan tərəfdaşlığının real göstəricisi kimi qiymətləndirilməlidir. ABŞ kimi böyük bir supergücün Azərbaycana biznes missiyası göndərməsi ölkəmizin beynəlxalq iqtisadi çəkisinin artdığını göstərir. Ümumilikdə əlaqələrimiz yalnız bir regionla məhdudlaşmır, müxtəlif sahələri əhatə edir. ABŞ-nin Azərbaycanda enerji, nəqliyyat, rəqəmsal texnologiyalar, səhiyyə və infrastruktur sahələrində biznes maraqları mövcuddur. Biz təkcə Avropa İttifaqına daxil olan ölkələrlə və region dövlətləri ilə deyil, eyni zamanda Amerika kimi supergüclə də iqtisadi əlaqələrimizi qurmağa və genişləndirməyə çalışırıq. Bu isə Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edir”.
Deputat vurğulayıb ki, böyük güclərin regiona maraq göstərməsi sabitliyin qorunmasında da mühüm rol oynayır:
“Əgər ABŞ kimi supergüc bu bölgəyə maraq göstərirsə, onun üçün regional sabitlik də prioritetdir. Bu amil Azərbaycanın təhlükəsizliyinə də töhfə verir. Qardaş Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi isə milli təhlükəsizliyimizə yönələn istənilən təhdidin qarşısını almaq üçün atılmış ciddi addımdır”.
E.Musayev bildirib ki, eyni zamanda, bu iqtisadi və siyasi əlaqələrin balanslı şəkildə geniş areala yayılması Azərbaycanda həm öz iqtisadi təhlükəsizliyinə, həm də regionun təhlükəsizliyinə təminat verən amil kimi qiymətləndirilməlidir.
Mehriban Yariyeva
11:08 24.01.2026
Oxunuş sayı: 489