"Səhər yeməyi" formatında keçirilən tədbirlər Azərbaycana olan marağın göstəricisidir - RƏY
Müasir dövrdə qlobal sərmayədarlar üçün əsas meyarlar təhlükəsizlik, sabitlik və rahat sosial mühitdir. Bu baxımdan Bakı və ümumilikdə Azərbaycan son illərdə əcnəbilər üçün cəlbedici məkana çevrilib. Multikultural dəyərlərin qorunması, mədəni və etnik müxtəlifliyə hörmət, eləcə də dinlərarası tolerantlıq ölkədə sağlam birgəyaşayış mühitini formalaşdırır. Məhz bu amillər xarici investorların Azərbaycana marağını artırır, ölkəni həm yaşayış, həm istirahət, həm də iqtisadi sərmayə baxımından etibarlı və perspektivli məkan kimi təqdim edir.
Mövzu barədə Milli Məclisin deputatı Elnarə Akimova Crossmedia.az-a bildirib ki, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər tam əsaslı və reallığa söykənən qiymətləndirmədir:
“Cənab Prezidentin bu mövqeyi Davos Ümumdünya İqtisadi Forumu kimi nüfuzlu beynəlxalq platformada vurğulaması təsadüfi deyil. Son illərdə Bakı və ümumilikdə Azərbaycan təhlükəsizlik, sabitlik, infrastruktur və açıq iqtisadi mühit baxımından regionda seçilən məkana çevrilib”.
Deputat qeyd edib ki, Bakı artıq təkcə siyasi və iqtisadi mərkəz kimi deyil, eyni zamanda mədəniyyətlərarası dialoq, beynəlxalq tədbirlər və biznes görüşləri üçün cəlbedici şəhər kimi tanınır:
“Müasir şəhər infrastrukturu, nəqliyyat imkanları, geniş hotellər şəbəkəsi, eyni zamanda zəngin tarix və mədəni irs əcnəbilər üçün ciddi maraq yaradır”.
E.Akimova vurğulayıb ki, Azərbaycanın beynəlxalq müstəvidə proqnozlaşdırılan və etibarlı tərəfdaş kimi qəbul olunması da mühüm amildir:
“Enerji təhlükəsizliyi, nəqliyyat-logistika layihələri, Şərq–Qərb və Şimal–Cənub dəhlizlərindəki rolu ölkəmizi xarici investorlar və beynəlxalq dairələr üçün daha da cəlbedici edir. Azərbaycanın rəhbərliyi ilə "səhər yeməyi" formatında keçirilən tədbirlər həm ölkəmizə olan marağın göstəricisi, həm də Azərbaycanın qlobal iqtisadi və siyasi gündəmdə artan çəkisinin bariz nümunəsidir. Prezidentin səsləndirdiyi bu fikirlər Azərbaycanın son illərdə apardığı ardıcıl və məqsədyönlü siyasətin real nəticəsi kimi qiymətləndirilməlidir”.
Mehriban Yariyeva
10:54 24.01.2026
Oxunuş sayı: 567