Tezliklə Zəngəzur dəhlizinin açılışına da şahidlik edəcəyik - Parlamentaridən mühüm açıqlama
Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində “Euronews” televiziyasına verdiyi müsahibədə regional və qlobal təhlükəsizlik məsələlərinə toxunaraq, sərhədlər boyunca sabitliyin hər bir dövlət üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb. Dövlət başçısı Azərbaycanın daxili təhlükəsizlik baxımından stabil ölkə olduğunu qeyd etməklə yanaşı, regionda və qonşu ölkələrdə baş verən proseslərin diqqətlə izlənildiyini bildirib və xüsusilə İranda müşahidə olunan qeyri-sabitliyin narahatlıq doğurduğunu diqqətə çatdırıb.
Milli Məclisin deputatı Naqif Həmzəyev bu barədə Crossmedia.az-a danışıb: "Azərbaycan öz torpaqlarını işğaldan azad edib və suverenliyini tam şəkildə bərpa edib. Biz çox yaxşı bilirik ki, müharibə nədir, münaqişə nədir. Azərbaycan müstəqilliyinin demək olar ki, ilk illərindən etibarən münaqişə şəraitində yaşamaq məcburiyyətində qalıb. Həm Birinci Qarabağ müharibəsi, həm də İkinci Qarabağ müharibəsi zamanı çox sayda şəhidimiz olub. Lakin şükürlər olsun ki, biz torpaqlarımızı öz gücümüz və siyasi iradəmiz hesabına azad etdik. Və biz, cənab Prezidentin də qeyd etdiyi kimi, uzunmüddətli deyil, əbədi sülhün tərəfdarıyıq. Görürsünüz ki, Azərbaycan əlində kifayət qədər güc olmasına baxmayaraq, Ermənistana qarşı sülhə məcburetmə siyasətini uğurla həyata keçirdi. Nəhayət, Ermənistan da sülhün əldə olunması istiqamətində müəyyən addımlar atmağa başlayıb və Vaşinqton razılaşmalarından sonra sülhə bir addım daha yaxın olduğumuzu deyə bilərik. Bununla yanaşı, regionumuzda həm sülhün, həm də təhlükəsizliyin təmin olunması son dərəcə vacibdir".
O bildirib ki, faktiki olaraq Azərbaycanın əsas istəyi ondan ibarətdir ki, regionda mövcud problemləri region dövlətləri özləri həll edə bilsinlər: "Azərbaycan və Ermənistan arasında artıq qarşılıqlı razılaşmalar nəticəsində ciddi irəliləyişlər qeydə alınıb və tezliklə Zəngəzur dəhlizinin açılışına da şahidlik edəcəyik. Digər kommunikasiya xətləri də açılacaq və bütün bu həyata keçirilən layihələr nəticə etibarilə region dövlətlərinin güclənməsinə, həmin dövlətlərdə yaşayan insanların sosial rifahının yaxşılaşmasına təsir göstərəcək. Qonşuluqda baş verən hər hansı münaqişə və ya gərginlik, təbii ki, bizi də narahat edir. Çünki bu proseslər birbaşa və dolayı yolla Azərbaycana da təsir edir. Xüsusilə iqtisadi baxımdan bu təsirlər açıq şəkildə hiss olunur. Rusiya- Ukrayna müharibəsi fonunda da bu təsirlərin qaçılmaz olduğunu müşahidə etdik. Bu gün də həmin müharibənin yaratdığı nəticələri hiss etməkdəyik. Bu təsirlər həm iqtisadi, həm humanitar, həm də mədəni sahələrdə özünü göstərir. Eyni zamanda İranda baş verən proseslər də bizi ciddi şəkildə narahat edir. Xatırlayırsınızsa, İsrail–İran qarşıdurması zamanı da bölgədə böyük narahatlıq yaranmışdı. Lakin Azərbaycan bu proseslərdə öz soyuqqanlı mövqeyini qorudu, hava məkanının İrana qarşı istifadəsinə imkan vermədi və xüsusilə də azərbaycanlıların yaşadığı ərazilərə hücumların dayandırılması ilə bağlı çağırış etdi. Unutmamalıyıq ki, İranda 40 milyondan çox azərbaycanlı türk yaşayır və bu baxımdan orada baş verən proseslər bizi daim narahat edir. Bizim əsas istəyimiz ondan ibarətdir ki, bu narahatlıqlar tezliklə aradan qalxsın, təhlükəsizlik təmin olunsun və insanların həyatı risk altında qalmasın.Eyni zamanda İran və Azərbaycan arasında iqtisadi, siyasi, mədəni və humanitar əlaqələrin inkişaf etməsini arzulayırıq. Çünki İranda vəziyyətin sabit və yaxşı olması, orada yaşayan soydaşlarımızın təhlükəsiz və layiqli həyat şəraitinə malik olması nəticə etibarilə Azərbaycana da müsbət təsir göstərəcək. Xüsusilə də Azərbaycanın hazırda həyata keçirdiyi və planlaşdırdığı regional layihələr bölgədə sülhün və sabitliyin vacibliyini bir daha ön plana çıxarır. Bu baxımdan biz sülhü dəstəkləyirik, münaqişələrin baş verməsini isə istəmirik və inanırıq ki, proseslər Azərbaycanın istədiyi istiqamətdə cərəyan edəcək".
Parlamentarinin sözlərinə görə, bütün bu proseslərdən Azərbaycanın güclü çıxması üçün ölkəmiz daim güclü olmalıdır: "Azərbaycan öz mövqelərini davamlı şəkildə möhkəmləndirməlidir, necə ki, bu gün bunu uğurla edir. Mən inanıram ki, bu halda Azərbaycanın yaratdığı yeni reallıqlar həm region dövlətləri, həm də beynəlxalq güclər tərəfindən qəbul ediləcək və dəstəklənəcəkdir".
Ayhan
10:24 22.01.2026
Oxunuş sayı: 1537