Qanunvericiliyə DƏYİŞİKLİK: Ailə daxilində mənəvi bağlar möhkəmləndirilir
Uşağın dünyaya gəlməsi ailədə mühüm və sevincli hadisədir. Bu dövr həm valideyn üçün, həm də uşağın sağlam inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir. Kişilərə verilən ödənişli məzuniyyət ailə münasibətlərinin möhkəmləndirilməsi, ataların uşağın ilk günlərində yanında olması və evdə ailə məsuliyyətlərini paylaşması üçün nəzərdə tutulur.
Bu təşəbbüs həm də işgüzar və sosial sahədə əhəmiyyətli bir addım hesab olunur. 14 təqvim günü müddətində ödənişli məzuniyyət kişinin həm valideyn kimi rolunu yerinə yetirməsinə imkan verir, həm də işçi hüquqlarının qorunmasına yönəldilmiş dövlət siyasətinin bir hissəsidir. Beləliklə, ailə dəyərlərinin qorunması və iş həyatının balanslı idarə olunması üçün əsaslı zəmin yaradılır.
Məsələ ilə bağlı hüquqşünas Ramil Süleymanov Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Əmək Məcəlləsinə edilən dəyişikliklər bu zərurəti ortaya qoymuşdur ki, mövcud qanunvericilikdə analıq məzuniyyəti nəzərdə tutulsa da, bu məzuniyyət əsasən qadınların doğuşa görə məzuniyyəti kimi tənzimlənirdi. Halbuki atalıq məzuniyyəti bir çox inkişaf etmiş Avropa ölkələrində və digər dövlətlərdə tətbiq edildiyi halda, Azərbaycan Respublikasının Əmək Məcəlləsində bu məsələyə dair ayrıca hüquqi tənzimləmə mövcud deyildi.

Məhz buna görə də son dəyişikliklər çərçivəsində atalara doğuşla əlaqədar olaraq on dörd gün müddətinə ödənişli məzuniyyət hüququ qanunvericiliyə əlavə edilmişdir. Bu yanaşma ailə daxilində mənəvi bağların möhkəmləndirilməsi, eləcə də doğuşdan sonrakı ilkin dövrdə ananın üzərinə düşən yükün daha ağır olmasının nəzərə alınması məqsədi daşıyır.
Qeyd etmək lazımdır ki, bu məzuniyyət dövrü üçün ödəniş işçinin orta aylıq əmək haqqısının bir gün üçün hesablanmış məbləğinin on dörd günə vurulması yolu ilə müəyyən ediləcək və ödəniş birbaşa olaraq işəgötürən (şirkət) tərəfindən işçinin bank hesabına köçürüləcəkdir".
Elmir Heydərli
09:53 22.01.2026
Oxunuş sayı: 1536