"Məktəb tək uşaqların deyil, həm də anaların sosiallaşma məkanıdır"
Məktəb uşaqların bilik və bacarıqlar qazandığı, dostluq qurduğu bir məkan olsa da, əslində bu yer analar üçün də mühüm bir sosiallaşma imkanına çevrilir. Xüsusilə evdə ailə içi şiddət və təzyiqlə üzləşən qadınlar üçün məktəb, bəlkə də, həyatlarının yeganə "azadlıq qapısı" olur.
Evdə ərinin və ya qayınanasının ağır nəzarəti altında yaşayan qadınların bir çoxu cəmiyyətlə əlaqə qurmaq, özünü ifadə etmək kimi hüquqlardan məhrumdur. Bu qadınlar adətən yalnız ev işləri ilə məşğul olur, telefon istifadəsi məhdudlaşdırılır və hətta ailənin nəzarəti olmadan evdən çıxmaq belə mümkün olmur. Belə bir mühitdə məktəbə gedən uşaqlar, bu qadınların bəlkə də hər gün cəmiyyətə qısa müddətlik də olsa qarışmaq üçün yeganə səbəbi olur.
Məktəbə uşaq aparmaq və gətirmək bəzi qadınlar üçün həm sosiallaşmaq, həm də cəmiyyətdə "tənəffüs etmək" anlamına gəlir. Bu qısa zaman aralığında onlar digər analarla söhbət edir, həyatın müxtəlif yönlərindən danışırlar. Məktəbin həyəti, dəhlizləri, hətta gözləmə məkanı qadınların bir növ özlərini yenidən tanıdığı, başqalarının həyatını öyrəndiyi, dəstək tapdığı bir mühitə çevrilir. Bəzən bu söhbətlər, digər anaların da oxşar problemlərlə üzləşdiyini öyrənməyə və müəyyən mənada təsəlli tapmağa səbəb olur.
Bir çox qadının həyatında məktəbin WhatsApp qrupu da vacib rol oynayır. Telefon istifadə hüququ yalnız məktəb ilə bağlı məsələlərdə tətbiq olunan bu qadınlar üçün WhatsApp qrupu əslində cəmiyyətlə əlaqə qurmaq üçün bir vasitəyə çevrilir. Lakin bu da sərhədlərlə doludur. Onların məktəblə bağlı sualları cavablandırması, uşaqlarına dərs oxutdurması üçün icazə verilir, lakin bundan kənara çıxmaq mümkün olmur.
Bütün bu məhdudiyyətlərə baxmayaraq, məktəb qrupu bəzi qadınlar üçün dəstək şəbəkəsi olur. Bu qadınlar bir-birinin problemlərindən xəbərdar olur, bəzən də həll yolları axtarır. Burada təhsil məsələləri ilə bağlı diskussiyalar qadınlara həm bilik verir, həm də onların özlərini daha dəyərli hiss etməsinə şərait yaradır.
Psixoloji təsirləri:
Sosial təcrid şəraitində yaşayan qadınlar üçün məktəb mühiti təkcə sosiallaşma deyil, həm də daxili güc tapmaq üçün bir platformadır. Onlar bu yolla özlərinin daha çox şeyə layiq olduqlarını hiss edə bilirlər. Hər gün məktəbə getmək üçün evdən çıxmaq bəzən bir qadının özünü xilas etmə yolunun ilk addımı olur. Çünki bu azadlıq anlarında onlar özlərini güclü, dəyərli və həyatda yer sahibi olduğunu hiss edə bilirlər.
Bəli, bugün məktəb yalnız uşaqların deyil, eyni zamanda anaların da sosiallaşma məkanıdır. Lakin qadınların bu məhdudiyyətli azadlıqla kifayətlənməməsi üçün cəmiyyətin dəstəyi vacibdir. Qadın hüquqlarının genişləndirilməsi, onlara azad fəaliyyət sahəsi yaradılması ailə içindəki təzyiqin aradan qaldırılması üçün vacibdir.
Bu məqam bir daha xatırladır ki, təhsilin və məktəbin təkcə uşaqlar üçün deyil, qadınların da həyatında mühüm rolu var. Məktəb, sadəcə bilik ocağı deyil, həm də bəzi qadınlar üçün azadlıq anlarının başladığı yerdir. Cəmiyyət olaraq bu azadlıq anlarını genişləndirmək və qadınlara daha çox sosial imkanlar yaratmaq hamımızın borcudur.
Fəridə Şərifova
Ailə və yeniyetmə psixoloqu
11:36 29.11.2024
Oxunuş sayı: 6350