Azərbaycan liderinin dünyaya verdiyi mesajlar: beynəlxalq hüquq işləmir, sənədlər kağız parçasıdır
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib ki, dünyadakı proseslər o istiqamətdə gedir ki, hər bir ölkə ilk növbədə öz hərbi potensialını, təhlükəsizliyini gücləndirməlidir.
Türk Dövlətləri Təşkilatının Qəbələdəki Zirvə Görüşündə Azərbaycanda üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi təklifini xatırladan dövlətimizin başçısı deyib: "Hesab edirəm ki, buna da ehtiyac var. Biz üzv ölkələrlə ikitərəfli formatda hərbi təlimlər keçiririk. Təbii ki, ən çox Türkiyə ilə, amma digər ölkələrlə də. Ancaq birgə hərbi təlimlərin keçirilməsində həm böyük rəmzi məna ola bilər, eyni zamanda, praktik nöqteyi-nəzərdən buna ehtiyac var".
Prezident İlham Əliyev qeyd edib ki, bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var.
Beynəlxalq hüququn işləmədiyini, qəbul olunan sənədlərin kağız parçasından başqa bir şey olmadığını dünyada baş verən ayrı- ayrı epizodlarda görmüşük. İstər, Azərbaycan torpaqlarının 30 illik işğalı, istər dörd ildir davam edən Rusiya- Ukrayna müharibəsi, istərsə də Yaxın Şərqdə baş verənlər göstərir ki, daha beynəlxalq hüquqa əməl edən yoxdur.

Azərbaycan liderinin səsləndirdiyi fikirlər barədə Crossmedia.az-a danışan türkiyəli politoloq, hüquqşünas Ferhat Aznevinin fikrincə, beynəlxalq hüquq kağız üzərində mövcuddur, lakin bəzi ölkələr üçün əslində işləmir və ya tətbiq olunmur: "Bunu Azərbaycanın timsalında da gördük. Dağlıq Qarabağın təxminən 30 illik işğalı, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsi, ATƏT-in Minsk Qrupunun nəticə verə bilməməsi buna sübutdur. Odur ki, Azərbaycan Prezidentinin Azərbaycanı beynəlxalq hüququn uğursuzluğunun ilk qurbanlarından biri kimi təsvir etməsi dəqiq bir qiymətləndirmədir. Beynəlxalq ictimaiyyət və BMT 1990-cı illərdə bu işğala qarşı daha təsirli və beynəlxalq səviyyədə qanuni tədbirlər görə bilərdi".
11:51 07.01.2026
Oxunuş sayı: 2360