Üçüncü dünya müharibəsi yaxınlaşır: Türkiyə nüvə enerjisini inkişaf etdirməlidir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Bloomberg"ə yazılı müsahibəsində deyib ki, Türkiyə F-35 proqramına yenidən qoşulmalıdır.
O, Türkiyənin Rusiyadan hərbi texnika almasına görə F-35 proqramından çıxarılması qərarını "ədalətsiz" adlandırıb.
"ABŞ Prezidenti Donald Trampın yenidən vəzifəyə başlaması ilə Türkiyə–ABŞ münasibətlərində daha müsbət bir müstəviyə keçid üçün imkan yaranıb. Türkiyənin ödənişini etdiyi F-35 təyyarələrini təhvil alması və proqrama yenidən daxil edilməsi iki strateji tərəfdaş olan Türkiyə və ABŞ üçün, eləcə də NATO-nun təhlükəsizliyi baxımından vacib və zəruridir".
Ərdoğanın verdiyi mesajlar barədə Crossmedia.az-a danışan türkiyəli hərbi ekspert Abdullah Ünay bildirib ki, Türkiyə artıq F-35 layihəsində iştirak edir və bunun üçün əvvəlcədən pul ödəyib: "Yunan və yəhudi lobbilərinin ABŞ-yə göstərdiyi təzyiq bu nöqtəyə qədər uzadıb. Bu məsələ İsrail baş naziri Benyamin Netanyahunun ABŞ-yə son səfəri zamanı ortaya çıxdı. Türkiyənin F-35-ləri İsrailə qarşı istifadə edilməməsi şərti ilə ala biləcəyi irəli sürüldü. Amma bir türkün başqa bir türkdən başqa dostu yoxdur. ABŞ Prezidenti Donald Tramp istənilən ölkəyə girib prezidentini girov götürə bilər. Rusiya dövlət başçısı Vladimir Putin Krımı və Ukraynanı işğal edir, dünya bunu izləyir. İndi hər kəs silahlanma yarışına girəcək. Üçüncü dünya müharibəsi yaxınlaşır. İnanıram ki, müdafiə sənayemizi eyni tempdə davam etdirməli, çəkindirici gücümüzü və hətta nüvə enerjisini inkişaf etdirməliyik. Türk və İslam dünyası həmrəylik içində birləşməlidir".
11:20 06.01.2026
Oxunuş sayı: 3220