Azərbaycan Prezidenti jurnalistlərə açıqlamasında kimə və hansı mesajları verib? - Türkiyəli general danışdı
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib ki, İkinci Qarabağ müharibəsindəki Qələbəmiz həm siyasi, həm də xarakterli çox böyük layları yerindən oynadıb: "Yəqin ki, bir çoxları bizim uğurumuzu təkrar etmək istərdi, amma bu, heç kimə müyəssər olmayıb".
Dövlət başçısı qeyd edib: "Ümidvaram ki, bu gün hələ də döyüşən tərəflər anlayacaqlar ki, müharibə bir ölkə və yaxud insanın başına gələcək ən pis şeydir. Mən bunu tam məsuliyyətlə deyirəm. Bu, ən pis sayılmalıdır. Ən yaxşı isə sülhdür. Amma sülh olması üçün güclü olmalısan, beləliklə, bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik".
Deyirlər ki, diplomatlar susanda silahlar danışır. Bu gün dünyanın bir çox regionunda ayrı - ayrı dövlətlər özlərinin suveren hüquqları, torpaqlarının azadlıqları uğrunda mübarizə aparırlar. Lakin elə müharibələr var ki, illərdir davam edir. Bu baxımdan Azərbaycanın 44 gün ərzində ortaya qoyduğu hərbi və diplomatik əzmkarlıq, həmçinin İkinci Qarabağ savaşından sonra yaranan yeni reallıqlar bir çox dövlət üçün hələ uzun illər nümunə və stimul olacaq.

Bu barədə Crossmedia.az-a danışan Türkiyənin Azərbaycandakı keçmiş hərbi atteşəsi, general Yücel Karauz bildirib ki, Prezident İlham Əliyev çıxışında yalnız hərbi uğurdan yox, həm də dövlət-millət-ordu münasibətlərini yenidən müəyyən edən bir həddən bəhs edib: "Azərbaycan lideri verdiyi mesajlarda hər şeydən əvvəl dövlətin gücünə işarə edib. Bu, Azərbaycanın planlaşdırma, texnologiya inteqrasiyası və qərar qəbuletmə sürətinin artdığını göstərir. Verilən mesajlar "bunu edə bilərik" hissinin institusional hala gəldiyi bir psixologiyaya işarə edir. Eyni zamanda səslənən fikirlərdə qələbə siyasi rəhbərliyin daxili legitimliyini möhkəmləndirən bir dönüş nöqtəsi kimi təqdim olunur. Bu, "Biz artıq böhranları idarə edən dövlət deyilik, nəticə ortaya qoyan dövlətik" mesajıdır.
"Uğurumuzu təkrarlamaq istəyənlər var, amma heç biri buna nail ola bilməyib" is müqayisəli güc iddiasıdır və üç hədəf auditoriyasına yönəlib. Bunlardan birincisi regional rəqiblərdi, xüsusilə Ermənistandır. İkincisi, qlobal güclər və hərbi dairələrdir. Üçüncüsü isə daxili ictimai rəydir. Prezident, həmçinin təxminən bu mesajı verib: "Biz nə etdiyimizi, necə etdiyimizi bilirik və lazım gələrsə, bunu yenidən etməyə qadirik". Bu, klassik hərbi təhdiddən daha çox strateji özünəinamın təzahürüdür. Ölkə liderinin jurnalistlərə müsahibəsində səsləndirdiyi fikirlər Türkiyə ilə birlikdə hazırlanmış elementlərin, o cümlədən ortaq hərbi doktrinanın, texnologiya-əməliyyat uyğunluğunun, siyasi koordinasiyanın - digər ölkələr tərəfindən təqlid edilə bilməyəcəyini nəzərdə tutur. Mesaj belədir: Azərbaycan- Türkiyə modelinin eynisi yoxdur. Nəticə olaraq, bu açıqlama öyünmək deyil, strateji yaddaşın, çəkindirmənin və liderlik iddiasının qurulmasını ümumiləşdirən tək bir cümlədir".
10:49 06.01.2026
Oxunuş sayı: 15142