Amerikalı diplomat: Vəziyyət yaxşılaşır, 907-ci düzəliş ləğv edilə bilər
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində 907-ci düzəlişin mümkün ləğvindən danışıb.
"Biz uzun illər çalışırdıq ki, bu 907-ci düzəlişi ləğv etdirək. Ancaq bu, çox çətin proses idi və sadəcə olaraq, 11 sentyabr 2001-ci il hadisələrindən sonra Amerika Prezidenti bu düzəlişi öz imzası ilə aradan qaldırdı və bu, 2024-cü ilə qədər davam edirdi", - o bildirib.
Amerikanın Əfqanıstandakı missiyası başa çatandan sonra Bayden administrasiyasının bu düzəlişin aradan qaldırılmasını dayandırdığını vurğulayan Azərbaycan Prezidenti qeyd edib: "Yəni artıq Azərbaycan onlara lazım deyildi, Əfqanıstandakı missiya başa çatmışdı və beləliklə, bu düzəliş yenidən tətbiq edilmişdi. Əlbəttə, bunun bizim iqtisadi inkişafımıza heç bir təsiri yoxdur və ola da bilməz. Ancaq bu, Bayden-Blinken administrasiyasının nə qədər naşükür və nankor olmasını bir daha göstərir".
İnkişaf edən əlaqələr fonunda 907-ci düzəlişin gələcəkdə tamamilə ləğvi ehtimalı barədə Crossmedia.az-a danışan ABŞ dövlət departamentinin keçmiş əməkdaşı, diplomat Pol Qobl bu məsələ ilə bağlı nikbin düşündüyünü deyib: "Vəziyyət yaxşılaşır. Düşünürəm ki, 907-ci düzəliş tamamilə ləğv edilə bilər. Amma sual budur ki, baş verən bütün digər hadisələr nəzərə alınmaqla Tramp bu istiqamətdə nə qədər səy göstərəcək".
10:24 06.01.2026
Oxunuş sayı: 3338