Səfirlikdən Konqresin nümayəndə heyətinin Bakı səfəri ilə bağlı MARAQLI AÇIQLAMA
ABŞ-nin Bakıdakı səfirliyi Oklahoma ştatından olan iki partiyalı Konqres nümayəndə heyətinin yanvarın 4-də Azərbaycana səfər etdiyini açıqlayıb.
Bu barədə Crossmedia.az xəbər verir. Məlumata görə, nümayəndə heyətinə senator Markueyn Mallin rəhbərlik edib. Heyətin tərkibində konqresmenlər Ceyson Smit (Missuri), Ronni Cekson (Texas) və Cimmi Panetta (Kaliforniya) yer alıb.
Səfər çərçivəsində Konqres üzvləri Prezident İlham Əliyevlə görüşərək ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını, həmçinin 8 avqustda ABŞ Prezidenti Donald Trampın Ağ Evdə keçirilən sammitindən sonra regionda dayanıqlı sülhün təmin olunması məsələlərini müzakirə ediblər.
Bununla yanaşı, nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib, müdafiə naziri Zakir Həsənovla keçirilən görüşdə isə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.
ABŞ səfirliyi bildirib ki, Oklahoma Milli Qvardiyası ilə Azərbaycan arasında uzunmüddətli tərəfdaşlıq təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır.
Türkanə Məşədiyeva
13:58 05.01.2026
Oxunuş sayı: 3278