Hikmət Hacıyev: Yeni nəqliyyat marşrutu ABŞ və beynəlxalq biznes üçün geniş imkanlar açır
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-nin PBS News telekanalına müsahibəsində bildirib ki, yeni nəqliyyat marşrutunun reallaşdırılması ABŞ və beynəlxalq biznes üçün mühüm imkanlar açır
Crossmedia.az bu barədə xəbər verir.
Onun sözlərinə görə, ABŞ şirkətləri və Amerika özəl sektoru bu marşrutdan istifadə edərək Mərkəzi Asiya bazarına çıxış əldə edə, o cümlədən nadir torpaq elementləri və digər perspektivli biznes sahələrinə çıxış imkanlarını genişləndirə bilərlər. Hikmət Hacıyev vurğulayıb ki, söhbət bütün tərəflər, xüsusilə də Amerika şirkətləri üçün “qazan-qazan” formatından gedir.
Prezidentin köməkçisi Cənubi Qafqazdakı mövcud vəziyyətə də toxunaraq qeyd edib ki, regionda baş verən prosesləri şərti olaraq iki dövrə bölmək olar — 8 avqusta qədər və həmin tarixdən sonrakı mərhələ.
“Çox şey köklü şəkildə dəyişib. Müstəqillik əldə edildikdən sonra Ermənistan və Azərbaycan faktiki olaraq müharibə vəziyyətində olublar. Bu gün isə biz yerdə real sülhün şahidiyik” — deyə Hikmət Hacıyev bildirib.
Günel Verdiyeva
10:11 02.01.2026
Oxunuş sayı: 2557