Bu cür yanaşma Rusiyaya olan etimadı ciddi şəkildə sarsıtmağa davam edəcəkdir - Komitə sədri
Azərbaycan Hava Yollarına (AZAL) məxsus Embraer 190 tipli təyyarənin 25 dekabr 2024-cü ildə Rusiya Federasiyasının Qroznı şəhəri yaxınlığında qəzaya uğraması beynəlxalq aviasiya hüququ və dövlət məsuliyyəti baxımından ciddi suallar doğuran hadisə olaraq qalır. Qazaxıstan Nəqliyyat Nazirliyinin açıqladığı ara hesabat, eləcə də Azərbaycan, Rusiya, Qazaxıstan, Braziliya və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) ekspertlərinin ümumi rəyi göstərir ki, qəza texniki nasazlıq nəticəsində deyil, Rusiya hava müdafiə sistemlərinə məxsus raket zərbəsi səbəbindən baş verib. Nəticədə təyyarə idarəetməni itirərək Aktau yaxınlığında qəzaya uğramış, 38 nəfər həlak olmuş, 29 nəfər yaralanmışdır.Beynəlxalq hüquq baxımından bu hadisə 1944-cü il Çikaqo Konvensiyasının 3 bis maddəsinin açıq pozuntusu hesab olunur. Həmin maddə mülki təyyarələrə qarşı silah tətbiqini qadağan edir. Eyni zamanda, BMT-nin “Dövlətlərin beynəlxalq hüquqa zidd hərəkətlərə görə məsuliyyəti haqqında” Layihə Məqalələrinə əsasən, belə hallar dövlətin beynəlxalq hüquqa zidd əməli kimi qiymətləndirilir və üzr istəmə ilə yanaşı, tam kompensasiya öhdəliyi yaradır.
Tarixi presedentlər – 1988-ci ildə İran Hava Yollarına məxsus təyyarənin ABŞ tərəfindən vurulması və 2014-cü ildə MH17 hadisəsi – göstərir ki, məsul dövlətlər adətən rəsmi üzr istəmə, istintaqın şəffaf aparılması və zərərin ödənilməsi yolu ilə cavabdehlik daşıyıblar.Və hadisədə heç kim qərəz axtarmayıb.aa Lakin bu hadisədən bir il keçməsinə baxmayaraq, Rusiya Federasiyası nə rəsmi üzr istəyib, nə də zərərçəkənlərə kompensasiya ödəyib. Bu davranış beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, dövlətlərarası münasibətlərdə əlavə gərginlik yaradır və Azərbaycanın ICAO və ya Beynəlxalq Ədalət Məhkəməsi kimi hüquqi mexanizmlərə müraciət etməsini legitimləşdirir. Mövcud istintaq nəticələri fonunda Rusiyanın məsuliyyəti hüquqi, siyasi və humanitar baxımdan qaçılmazdır və üzr istəmə ilə kompensasiya məsələsi artıq seçim deyil, öhdəlik xarakteri daşıyır.
Milli Məclisin Komitə sədri Fazil Mustafa mövzuyla ilə bağlı fikirlərini Crossmedia.az-la bölüşüb: “Əlbəttə, bu məsələdə Rusiyanın davranışı beynəlxalq hüququn prinsiplərinə uyğun deyil. Rusiya onsuz da bu gün Ukrayna müharibəsində beynəlxalq hüquqa qarşı nə qədər etinasız və onu tapdalayan siyasət apardığını açıq şəkildə nümayiş etdirir. Bu baxımdan, bizimlə bağlı atılacaq hər hansı bir addımın əslində Rusiyanın öz maraqlarına xidmət etdiyini düşünürük. Çünki bu addımlar atılmadığı təqdirdə, gələcəkdə həmin dövlətin özü ilə bağlı problemlər yarandıqda bu hadisə onun üçün mənfi presedent kimi göstəriləcəkdir. Məhz buna görə də dövlətlərarası münasibətlərdə səmimiyyətin qorunması və maraqların nəzərə alınması baxımından bu cür addımların atılması daha doğru olardı. Hələlik belə bir addımın atılmaması heç bir halda müsbət qarşılanmır və Rusiyanın bu davranışı ən çox elə Rusiyanın özünə zərər vuran yanaşma kimi qiymətləndirilir. Bu vəziyyət, hər halda, bizim müsbət məcrada inkişaf etdirmək istədiyimiz münasibətlərə də birbaşa təsir göstərəcəkdir. Çünki səmimi davranış tələb edir ki, hadisə baş verdikdə o etiraf edilsin və onun nəticələrinin aradan qaldırılması üçün konkret addımlar atılsın. Bu, Rusiyanın öz imici üçün də son dərəcə vacibdir. Əks halda, bu cür yanaşma dövlətə olan etimadı ciddi şəkildə sarsıtmağa davam edəcəkdir”.
Ayhan
18:38 26.12.2025
Oxunuş sayı: 1406