AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq bilərəkdən uzadılır? - Sensasion açıqlama
2024-cü il dekabrın 25-də “Azerbaijan Airlines” aviaşirkətinə məxsus “Embraer 190” tipli təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması regionda və beynəlxalq aviasiya ictimaiyyətində ciddi rezonans doğurub. Bakı–Qroznı reysini yerinə yetirən hava gəmisinin aviaqəzasının səbəbləri ilə bağlı aparılan araşdırmalar hələ də davam edir və prosesin yekunlaşma müddətinin bütün tədqiqatların tamamlanmasından asılı olduğu bildirilir. Hadisə yalnız texniki təhlükəsizlik məsələləri deyil, eyni zamanda beynəlxalq aviasiya hüququ və regional təhlükəsizlik baxımından da mühüm əhəmiyyət daşıyır.
Mövzu barədə hərbi ekspert Üzeyir Cəfərov Crossmedia.az-a bildirib ki, Qazaxıstanda AZAL təyyarəsinin aviaqəzası ilə bağlı istintaqın başa çatma müddəti uzadılıb və faktiki olaraq guya xaricdən hansısa məlumatın gəlməsi gözlənilir. Onun sözlərinə görə, bu, beynəlxalq normalara ziddir:
“İCAO-nun tələblərinə əsasən, bir il ərzində — yəni dekabrın 25-nə qədər — bütün məlumatlar toplanmalı, tədqiqatlar, istintaq və ekspertizalar başa çatdırılmalı idi. Təəssüf ki, bu baş vermədi. Prosesin uzadılmasında siyasi qərarların təsiri açıq şəkildə görünür. Burada Rusiya ilə Qazaxıstan arasında birgə razılaşmanın olduğu sezilir. İstintaqın nəticələrinin Azərbaycan üçün o qədər də xoşagələn olmayacağını düşünürəm. Çünki müddətin uzadılması bəzi faktların üzərindən zaman keçməsinə və Rusiyanın korlanmış imicinə zərər gəlməməsinə hesablanıb".
Ü.Cəfərov əlavə edib ki, bu yanaşma ilə bağlı narahatlıqlarını aylar öncə də dilə gətirib:
“Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayevin açıqlamaları məndə belə qənaət formalaşdırmışdı ki, məlumatlar vaxtında açıqlanmayacaq. Təəssüf ki, elə də oldu. Qazaxıstanın mövqeyi beynəlxalq hüquq və normalara hörmətsizlikdir. Bu davranış öz qiymətini almalıdır. Qazaxıstan Rusiyanın cinayətlərini ört-basdır etməkdə ona yardım göstərir. 38 nəfərin faciəvi şəkildə həlak olması ilə bağlı Rusiya tərəfinin məsuliyyətinin gizlədilməsi cəhdləri var. Mən düşünürəm ki, bu işdə adı çəkilən general və kapitan cinayət məsuliyyətinə cəlb olunmalıdır. Lakin bu istiqamətdə hələlik heç bir addım atılmır".
Mehriban Yariyeva
17:21 26.12.2025
Oxunuş sayı: 2557