Azərbaycanın haqq mövqeyini ardıcıl və sistemli şəkildə çatdırmaq diasporun əsas missiyasıdır - MÜSAHİBƏ
Qloballaşan dünyada diaspor fəaliyyəti milli maraqların qorunması və beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, koordinasiyalı fəaliyyəti və vahid mövqedən çıxış etməsi bu prosesin əsas komponentlərindəndir. Crossmedia.az olaraq “Zəfər Diasporu” adlı yeni rubrikamızı sizlərə təqdim edirik. Rubrika çərçivəsində xaricdə yaşayan və fəaliyyət göstərən azərbaycanlılarla, diaspor təşkilatlarının rəhbərləri və ziyalılarla müsahibə və reportajlar dərc olunacaq. Layihənin məqsədi Azərbaycan diasporunun fəaliyyət istiqamətlərini, milli maraqların beynəlxalq müstəvidə təmsil olunma mexanizmlərini və bu sahədə fərdi təşəbbüslərin rolunu işıqlandırmaqdır.
Rubrikanın ilk müsahibi Azərbaycan Dostluq Təşkilatının qurucusu, diaspor sahəsindəki xidmətlərinə görə “Diaspora fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunmuş, ABŞ-ın Şimali Karolina ştatında yaşayan və fəaliyyət göstərən Adika İqbaldır. Adika İqbal uzun illərdir ABŞ-da Azərbaycan diasporunun təşkilatlanması, ictimai əlaqələrin qurulması, eləcə də Azərbaycanın mədəni və tarixi reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyət göstərir. Onun diaspor sahəsindəki fəaliyyəti müxtəlif nüfuzlu şəxslər tərəfindən də yüksək qiymətləndirilib. Nobel mükafatı laureatı, professor Əziz Səncər Adika İqbalın xidmətlərini dəyərləndirərək onu mənəvi qızı adlandırıb. Müsahibədə ABŞ-da Azərbaycan diasporunun bu günkü əsas missiyası, Azərbaycan adından böyük və rəqabətli informasiya məkanında danışmağın məsuliyyəti, qadın diaspor üzvü olaraq qarşılaşılan çətinliklər, uğur və vətən həsrəti arasında tarazlıq, eləcə də diaspor fəaliyyətinin şəxsi həyata təsiri kimi mövzular ətrafında fikirlər yer alır.

-ABŞ-da Azərbaycan diasporunun bu günkü əsas missiyasını necə dəyərləndirirsiniz və bu missiyanın həyata keçirilməsində Azərbaycan Dostluq Təşkilatının rolu nədir?
-Bu gün ABŞ-da fəaliyyət göstərən Azərbaycan diasporunun əsas missiyası milli kimliyi qorumaqla yanaşı, Azərbaycanın haqq mövqeyini ardıcıl, əsaslandırılmış və sistemli şəkildə beynəlxalq ictimaiyyətə çatdırmaqdır. Müasir şəraitdə diaspor fəaliyyəti yalnız mədəni tədbirlərlə məhdudlaşmamalı, düşünülmüş və uzunmüddətli fəaliyyət xətti üzərində qurulmalıdır.
Azərbaycan Dostluq Təşkilatı bu missiyanı həyata keçirərkən mədəniyyət, təhsil və ictimai əlaqələr istiqamətlərini bir-biri ilə əlaqələndirir. Təşkilat tərəfindən keçirilən sərgilər, ictimai görüşlər və maarifləndirici tədbirlər Azərbaycan haqqında düzgün təsəvvür formalaşdırmağa, həmçinin diasporun daha nizamlı və məqsədyönlü fəaliyyətinə xidmət edir.

-ABŞ kimi böyük və rəqabətli informasiya məkanında Azərbaycan adından danışmaq nə deməkdir və Azərbaycan Dostluq Təşkilatı bu sahədə hansı yanaşmanı tətbiq edir?
-ABŞ kimi böyük və rəqabətli mühitdə Azərbaycan adından danışmaq yüksək məsuliyyət tələb edir. Burada səsləndirilən hər fikir diqqətlə qiymətləndirilir və uzunmüddətli təsirə malik olur.
Bu baxımdan Azərbaycan Dostluq Təşkilatı öz fəaliyyətində emosiyaya əsaslanan çıxışlardan uzaq duraraq, faktlara, tarixi reallıqlara və ölçülü ifadə tərzinə üstünlük verir. Məqsəd Azərbaycan haqqında obyektiv, əsaslandırılmış və inandırıcı mövqenin formalaşdırılmasıdır. Bu yanaşma təşkilatın etibarlılığını artırır və müxtəlif auditoriyalarla sağlam dialoq qurmağa imkan yaradır.
-Xaricdə, xüsusilə ABŞ-da qadın diaspor üzvü olmaq sizə hansı qapıları daha çətin açdırıb və bu çətinliklərin öhdəsindən necə gəlmisiniz?
-Xaricdə, xüsusilə ABŞ-da qadın olaraq diaspor fəaliyyətində fəal iştirak etmək, xüsusən təşkilati və qərarverici səviyyələrdə təmsil olunmaq daha çox səbr və ardıcıllıq tələb edir. Bəzən qadınlara emosional yanaşmaya meyilli, yaxud idarəçilik və strateji məsələlərdə kifayət qədər möhkəm mövqe tutmayan prizmasından baxılır.
Bu kimi yanaşmaların qarşısını almağın yolu mənim üçün nəticəyə əsaslanan fəaliyyət olub. Azərbaycan Dostluq Təşkilatı çərçivəsində həyata keçirilən layihələr, görülən işlər və formalaşan ictimai etimad bu stereotiplərin zamanla aradan qalxmasına səbəb olub.
-ABŞ-da əldə olunan uğurla vətən həsrəti arasında necə bir tarazlıq qurmusunuz?
-ABŞ-da əldə olunan uğurlar insana imkanlar açır, lakin vətənə olan mənəvi bağlılıq və həsrət daim qalır. Bu iki hiss arasında tam tarazlıq yaratmaq çətindir. Mən bu hissi şəxsi duyğu kimi saxlamıram, onu fəaliyyətə çevirirəm. Azərbaycan Dostluq Təşkilatı çərçivəsində həyata keçirilən hər bir tədbir və layihə mənim üçün vətənə olan bağlılığın əməli ifadəsidir. Beləliklə, fiziki uzaqlıq mənəvi yaxınlıqla əvəz olunur.
-Elə bir an olubmu ki, “yoruldum, amma dayanmaram” demisiniz?
-Bəli, belə anlar olub. Diaspor fəaliyyəti çox vaxt səssiz zəhmət, görünməyən məsuliyyət və müxtəlif çətinliklərlə müşayiət olunur.
Lakin Azərbaycan Dostluq Təşkilatının gördüyü işlərin ictimai təsirini və uzunmüddətli faydasını gördükdə, bu yorğunluq yerini məsuliyyət hissinə verir. Yorulmaq mümkündür, amma dayanmaq – görülən işin mahiyyətinə ziddir.
-Diaspor fəaliyyəti şəxsi həyatınızdan nələri alıb və nələri qazandırıb?
-Diaspor fəaliyyəti şəxsi həyatımdan vaxt və rahatlıq alıb. Ailəmlə daha çox keçirə biləcəyim anlar bu fəaliyyətə sərf olunub.

Əvəzində isə bu yol mənə dəyərli insan münasibətləri, möhkəm dostluqlar, geniş ictimai təcrübə və ən əsası – Azərbaycan Dostluq Təşkilatı vasitəsilə öz xalqıma və dövlətimə faydalı ola bildiyimi bilmək hissini qazandırıb. Bu hiss hər cür şəxsi çətinliyi mənalandırır. Yeri gəlmişkən fürsətdən istifadə edib bildirmək istərdim ki, Azərbaycan dövlətinin, xüsusilə Diasporla İş üzrə Dövlət Komitəsinin xaricdə yaşayan soydaşlarımıza və diaspor təşkilatlarına göstərdiyi dəstək son illər daha sistemli və məqsədyönlü xarakter alıb. Bu dəstək diasporun təşkilatlanması, koordinasiyası və fəaliyyətinin daha səmərəli qurulması baxımından mühüm əhəmiyyət daşıyır. Diaspor Komitəsinin həyata keçirdiyi layihələr, maarifləndirici proqramlar və əməkdaşlıq mexanizmləri xaricdə fəaliyyət göstərən təşkilatların həm bir-biri ilə əlaqəsini gücləndirir, həm də dövlət–diaspor münasibətlərini sağlam zəmində inkişaf etdirir. Bu, diaspor təşkilatlarına öz fəaliyyətlərini daha planlı və uzunmüddətli yanaşma ilə qurmağa imkan yaradır.
Sevinc Yarməmmədova
11:31 26.12.2025
Oxunuş sayı: 1351