Xarici dövlətlər Azərbaycanın bu siyasətini yüksək qiymətləndirirlər- Deputat açıqladı
Azərbaycanda dövlət–din münasibətləri dünyəvilik, hüquqi dövlətçilik və beynəlxalq normalara hörmət prinsipləri üzərində qurulub. Tarixən müxtəlif dinlərin və mədəniyyətlərin birgə yaşadığı bu coğrafiya tolerantlıq və qarşılıqlı ehtiram mühitinin formalaşdığı nadir cəmiyyət nümunələrindən biri kimi tanınır. Qədim Qafqaz Albaniyası dövründən bu günə qədər uzanan zəngin dini-mənəvi irs İslam mədəniyyəti ilə yanaşı, digər konfessiyaların da ölkənin ictimai və mənəvi həyatında mühüm yer tutduğunu göstərir. Bu baxımdan Azərbaycanda həyata keçirilən din siyasəti yalnız hüquqi mexanizmlərə deyil, eyni zamanda milli-mənəvi dəyərlərə, vicdan və inanc azadlığına sadiqliyə əsaslanan ardıcıl dövlət yanaşması kimi çıxış edir.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bu gün birmənalı şəkildə demək olar ki, Azərbaycan dövləti bu prinsiplərə və normalara tam əməl edir.
Deputatın sözlərinə görə, ölkəmizdə bütün dinlərə bərabər və eyni hüquqlu şərait yaradılıb:
“Bu gün Azərbaycan bütün dinlərə bərabər münasibət göstərir. Dövlət dini icmalara və dini qruplara öz dəstəyini ən yüksək səviyyədə verir. Biz bunu açıq-aydın görürük və müşahidə edirik. Yəni bu, hər mənada birmənalıdır”.
C. Məmmədov vurğulayıb ki, Azərbaycan müsəlman ölkəsi olsa da, burada xristianlara, yəhudilərə və digər dinlərin nümayəndələrinə qarşı eyni və ədalətli münasibət mövcuddur:
“Heç bir fərq qoyulmur, heç bir ayrı-seçkiliyə yol verilmir. Bu mənada xarici dövlətlər də zaman-zaman Azərbaycanın bu siyasətini yüksək qiymətləndirirlər və ölkəmizin təcrübəsini unikal nümunə kimi dəyərləndirirlər. Bu model Azərbaycanda möhkəm ənənəyə çevirilib. Hesab edirəm ki, bu, Azərbaycanın mühüm uğurlarından biridir. Burada xalqımızın tarixi təcrübəsi ilə yanaşı, İslam dininin də xüsusi rolu var. Dinimiz bizdən tələb edir ki, digər dinlərin və xalqların nümayəndələrinə hörmət və diqqətlə yanaşaq, onları özümüzdən biri hesab edək”.
Mehriban Yariyeva
09:33 26.12.2025
Oxunuş sayı: 1688