Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın daha da möhkəmləndirilməsinə ehtiyac var - Deputat
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin gücləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumunun təsdiqi barədə qanunu imzalayıb.
Qeyd olunur ki, səkkiz maddədən ibarət memorandum tərəflərdən hər hansı biri silahlı təcavüzə məruz qaldıqda, BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq fərdi və birgə özünümüdafiə hüququnu həyata keçirmək üçün qarşılıqlı yardım göstərməyi öhdəsinə götürür.
Hərbi yardımın göstərilməsi tərəflərdən birinin müraciəti əsasında və müvafiq milli qanunvericilik çərçivəsində həyata keçirilir. Bundan əlavə, tərəflər sülh dövründə müntəzəm olaraq birgə hərbi təlimlər və manevrlər keçirməyi davam etdirirlər.
Milli Məclisin deputatı Ceyhun Məmmədov bu barədə Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycan Türkiyə ilə bütün sahələrdə əməkdaşlığı gücləndirir: "Bu, bir çox fərqli sahəni əhatə edir. Amma onların içərisində bizi düşündürən məsələlərdən ən birincisi hərbi sahədə əməkdaşlığın gücləndirilməsidir. Yəni bu mənada hərbi əməkdaşlığın daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində addımların atılmasına, işlərin görülməsinə ehtiyac var. Bu baxımdan bu, çox vacib bir qərardır və son dərəcə mühüm bir məsələdir. Eyni zamanda, bir neçə gün bundan əvvəl Türkiyə ilə təhsil, xüsusilə peşə təhsili sahəsində əməkdaşlığın gücləndirilməsi barədə müzakirələr aparılıb. Hesab edirəm ki, bu sənədlər həmin prosesə töhfə verəcək və mühüm sənədlər kimi qiymətləndirilir.
Bu mənada biz düzgün istiqamətdə addımlar atmalı, bu istiqamətdə səylərimizi gücləndirməli və müəyyən işlər həyata keçirməliyik. Hesab edirəm ki, bu sənədlər çox önəmli və vacib sənədlərdir. Azərbaycanla Türkiyə arasında imzalanan "Şuşa Bəyannaməsi" əlaqələrimizin daha da güclənməsinə, möhkəmlənməsinə və daha irəli səviyyəyə çatmasına səbəb olacaq.”
Fatimə Eynullazadə
16:01 25.12.2025
Oxunuş sayı: 3419