Torpaqlarımızın işğaldan azad edilməsi təkcə ərazi bütövlüyümüzün deyil, həm də milli ləyaqətimizin bərpası idi - RƏY
Azərbaycanın müasir tarixi təkcə inkişaf və qələbələrlə deyil, eyni zamanda dərin ədalətsizliklər və ağır sınaqlarla da müşayiət olunmuşdur. Xüsusilə XX əsrin sonlarında ölkəmizin üzləşdiyi hərbi təcavüz və torpaqlarımızın uzun illər işğal altında qalması beynəlxalq hüququn fundamental prinsiplərinin kobud şəkildə pozulmasının bariz nümunəsi idi. Bu işğal nəticəsində yüz minlərlə insan doğma yurd-yuvasından didərgin salındı, şəhər və kəndlərimiz viran qoyuldu, tarixi və mədəni irsimiz məqsədli şəkildə məhv edildi.
Daha acınacaqlısı isə ondan ibarət idi ki, bütün bu faktlar dünya ictimaiyyətinə yaxşı məlum olduğu halda, beynəlxalq təşkilatlar və nüfuzlu siyasi mərkəzlər uzun müddət bu ədalətsizliyə qarşı təsirli mövqe nümayiş etdirmədilər. Formal qərarlar qəbul olunsa da, həmin sənədlərin icrası üçün real və qəti addımlar atılmadı. Digər münaqişələrdə sanksiyalar və təzyiq mexanizmləri dərhal işə salındığı halda, Azərbaycan məsələsində ikili standartlar tətbiq olundu.
Məhz bu reallıqları bir daha diqqətə çatdıran Prezident İlham Əliyev Ağdam şəhərinə köçən sakinlərlə görüşü zamanı Azərbaycanın son illər tarixində üzləşdiyi ən böyük ədalətsizliklərdən bəhs etmiş, Ermənistan-Azərbaycan münaqişəsi dövründə və ondan sonrakı mərhələdə beynəlxalq təşkilatların qəbul etdikləri qərarların icrasız qalmasını kəskin tənqid etmişdir. Dövlət başçısının bu fikirləri yalnız keçmişin xatırladılması deyil, eyni zamanda beynəlxalq hüququn selektiv şəkildə tətbiqinin yaratdığı təhlükəli presedentlərə açıq bir mesajdır.
Bu çıxış bir daha sübut edir ki, Azərbaycan öz haqqını bərpa etmək üçün heç vaxt kənar güclərə arxalanmamış, ədalətin təmin olunması naminə siyasi iradə, milli birlik və güclü dövlətçilik xəttini əsas meyar kimi müəyyən etmişdir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Tural Gəncəliyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Cənab Prezidentin Qarabağa son səfəri zamanı səsləndirdiyi fikirlər xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısı Azərbaycanın son illər, xüsusilə də son 30 il ərzində üzləşdiyi ən böyük ədalətsizliklərdən bəhs edərək bu reallıqları açıq və qəti şəkildə ifadə etdi. Cənab Prezidentin Ağdamda sakinlərlə görüşü zamanı söylədiyi fikirlər həm son dərəcə maraqlı, həm də dərin ibrətamiz məna daşıyır.
Məlum olduğu kimi, Azərbaycan torpaqları işğal altına düşdüyü dövrdə beynəlxalq təşkilatlar və böyük dövlətlər işğalı sözlə pisləsələr də, Ermənistanı işğala son qoymağa məcbur edən hər hansı real mexanizm tətbiq etmədilər. Nə siyasi, nə də iqtisadi sanksiyalar gündəmə gətirildi. Halbuki bu gün Cənab Prezidentin də vurğuladığı kimi, sanksiyalar işğalçı və müharibə aparan dövlətlərə qarşı mühüm təzyiq və tərbiyə vasitəsi kimi geniş şəkildə istifadə olunur.
Təəssüf doğuran məqam ondan ibarətdir ki, nəinki Ermənistana qarşı sanksiyalar tətbiq edilmədi, əksinə, işğalın möhkəmləndirilməsi üçün bu ölkə müxtəlif yollarla silahlandırıldı, ruhlandırıldı və təşviq olundu. Ermənistanın işğal etdiyi ərazilərdə törətdiyi ağır və sistemli cinayətlərə isə beynəlxalq ictimaiyyət uzun illər göz yumdu. Bu faktlar dünya siyasətində və beynəlxalq münasibətlər sistemində mövcud olan ikili və çoxsaylı standartların bariz nümunəsidir.
Xatırlatmaq yerinə düşər ki, işğal dövründə Ermənistan Qarabağ və Şərqi Zəngəzur ərazilərində qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, insan alveri və digər transmilli cinayətlərin geniş yayılmasına şərait yaratmışdı. Bununla yanaşı, şəhər və qəsəbələrimizin tamamilə dağıdılması, daşına-kəsəyinə qədər talan edilməsi, qanunsuz məskunlaşdırma siyasətinin həyata keçirilməsi, urbisid, ekosid və kultursid kimi ağır cinayətlər törədildi. Mədəni irsin, ekologiyanın və bütövlükdə sivil yaşayış mühitinin məhv edilməsi faktlarına beynəlxalq qurumlar tərəfindən bir kəlmə belə ciddi reaksiya verilmədi".
Deputat, həmçinin ATƏT-in Minsk qrupunun artıq tarixin arxivinə göndərilmiş fəaliyyətsiz bir struktur kimi, illər boyu yalnız formal bəyanatlar verməklə kifayətləndi və faktiki olaraq Azərbaycan xalqına işğalın nəticələrini qəbul etdirməyə çalışdığını bildirib: "Lakin cənab Prezidentin qətiyyətli liderliyi altında Azərbaycan dövləti bu təzyiqlərə dözdü, diplomatik mübarizəni öz xeyrimizə dəyişdi və nəhayət, 44 günlük Vətən müharibəsi ilə işğala son qoydu. Beləliklə, biz ədaləti öz gücümüzlə bərpa etdik.
Torpaqlarımızın işğaldan azad edilməsi təkcə ərazi bütövlüyümüzün deyil, eyni zamanda milli ləyaqətimizin, heysiyyətimizin bərpası demək idi. Bu, Azərbaycanın gücünün, dövlətimizin və liderimizin qətiyyətinin təntənəsidir. Azərbaycan bundan sonra da öz suverenliyini əbədi olaraq qoruyacaq və heç kimin bu ölkəyə qarşı yenidən ədalətsiz davranmasına imkan verməyəcək".
Elmir Heydərli
15:39 25.12.2025
Oxunuş sayı: 3678