Qətiyyətli siyasət Azərbaycana bundan sonra da böyük uğurlar gətirəcək - DEPUTAT
Azərbaycan xalqının müasir tarixində Qarabağ Zəfəri milli iradənin, siyasi qətiyyətin və tarixi ədalətin təntənəsi kimi xüsusi yer tutur. Uzun illər işğal altında saxlanılan torpaqlarımızın azad edilməsi yalnız hərbi qələbə deyil, eyni zamanda dövlət suverenliyinin və xalqın ləyaqətinin bərpası idi. Prezident İlham Əliyevin Ağdam şəhərinə köçən sakinlərlə görüşündə səsləndirdiyi fikirlər bu tarixi dönüş nöqtəsinin mahiyyətini aydın şəkildə ifadə edir. Bir vaxtlar Xankəndidə səsləndirilən əsassız iddiaların tarixin arxivinə göndərilməsi və “Qarabağ Azərbaycandır!” həqiqətinin bütün dünyaya qəbul etdirilməsi Azərbaycan dövlətinin gücünü, xalq–dövlət birliyini və qələbə ruhunu bir daha nümayiş etdirir. Bu Zəfər yalnız keçmişin deyil, eyni zamanda gələcək nəsillərin yaddaşında yaşadılmalı olan milli tariximizin şanlı səhifəsidir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, Prezident həmişə səfər etdiyi bölgənin sakinləri ilə görüşəndə həm bölgə ilə bağlı, həm də Azərbaycan qarşısında duran məsələlər ilə bağlı öz fikirlərini bildirib: "Bu, əslində ölkə liderinin cəmiyyət qarşısında vaxtaşırı hesabatlarıdır və bir vətəndaşımız Azərbaycanın dünəni bugünü sabahı ilə bağlı Cənab prezidentin fəaliyyəti fikirləri ilə tanış olur. Həqiqətən də, Prezidentimizin qətiyyətli siyasəti hətta düşmənlərimizi Azərbaycan həqiqətini qəbul etməyə məcbur etdi. Bu, belə də olmalı idi. Ədalət və həqiqət mütləq gec-tez qalib gəlir və Azərbaycan bu qalibiyyətə layiqdir. Qarabağ bu gün Azərbaycanın ürəyidir. Onun azad edilməsi təkcə Azərbaycanın üçün əhəmiyyətli deyil, ümumilikdə tarixi hadisə oldu. Onun bərpa edilməsi ilə bağlı Azərbaycanın gördüyü işlər bizim hər birimizin fəxr etdiyi bir fəaliyyətdir. Hesab edirəm ki, bu cür qətiyyətli siyasət Azərbaycana bundan sonra da böyük uğurlar gətirəcək".
Mehriban Yariyeva
13:42 25.12.2025
Oxunuş sayı: 5467