Ermənistan yeni işğallara sövq edilirdi, amma... - Parlamentari açıqladı
Müasir dünyada beynəlxalq münasibətlərin əsas tənzimləyici mexanizmlərindən biri kimi sanksiya siyasəti geniş tətbiq olunur.
Müxtəlif regionlarda baş verən müharibələr, silahlı toqquşmalar və münaqişələr zamanı beynəlxalq təşkilatlar və böyük nüfuzlu dövlətlər dərhal sərt mövqe nümayiş etdirir, siyasi, iqtisadi və hərbi sanksiyalar vasitəsilə tərəfləri məcbur etməyə çalışırlar. Bu təcrübə göstərir ki, sanksiyalar əksər hallarda ciddi təsir gücünə malikdir və münaqişələrin gedişatına birbaşa təsir edir.
Lakin Ermənistan–Azərbaycan münaqişəsi kontekstində bu mexanizmlərin tətbiq edilməməsi beynəlxalq münasibətlər sistemindəki ikili standartların açıq nümunəsinə çevrilmişdir. Azərbaycan torpaqlarının uzun illər işğal altında qalmasına baxmayaraq, işğalçı dövlətə qarşı nə sanksiyalar tətbiq olunmuş, nə də real təzyiq vasitələrindən istifadə edilmişdir. Əksinə, beynəlxalq hüququn tələblərinə zidd olaraq, Ermənistan müxtəlif dairələr tərəfindən siyasi, maliyyə və hərbi baxımdan dəstəklənmişdir.
Məhz bu məqamları xüsusi vurğulayan Prezident İlham Əliyev Ağdam şəhərinə köçən sakinlərlə görüşü zamanı Ermənistanın iqtisadi və siyasi baxımdan zəif bir dövlət olmasına baxmayaraq, ona qarşı heç bir sanksiya mexanizminin işə salınmamasını, əvəzində isə milyardlarla dollar dəyərində silahlandırılmasını beynəlxalq ədalətsizliyin bariz təzahürü kimi qiymətləndirmişdir. Dövlət başçısının bu fikirləri bir daha sübut edir ki, Ermənistan–Azərbaycan münaqişəsində beynəlxalq münasibətlər sisteminin obyektivlik prinsipi ciddi şəkildə pozulmuşdur.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Aydın Hüseynov Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Birləşmiş Millətlər Təşkilatının Ermənistanın Azərbaycanın ərazilərini işğal etməsi ilə bağlı dörd qətnaməsi mövcuddur. Həmin qətnamələrdə açıq və konkret şəkildə qeyd olunurdu ki, Ermənistan işğal etdiyi ərazilərdən dərhal və qeyd-şərtsiz çıxmalıdır. Lakin təəssüf ki, bu qətnamələr 30 ildən artıq müddətdə icra edilmədi.
Eyni zamanda, ATƏT-in Minsk qrupunun qarşısında duran əsas vəzifələrdən biri də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi idi. Ancaq qeyd etdiyimiz kimi, BMT-nin qəbul etdiyi qətnamələrə və Minsk qrupunun mandatına baxmayaraq, nə münaqişə həll olundu, nə də işğalçı dövlətə qarşı real təzyiq mexanizmləri tətbiq edildi.
Halbuki beynəlxalq praktikada BMT tərəfindən hər hansı bir ölkə ilə bağlı qətnamə qəbul edildikdə, adətən həmin ölkəyə qarşı sanksiyalar tətbiq olunur. Ermənistanla bağlı isə bu 30 il ərzində heç bir ciddi sanksiya və ya təzyiq tədbiri müşahidə edilmədi. Əksinə, Ermənistan silahlandırıldı, özü də ən müasir silahlarla təmin olundu və beynəlxalq vasitəçilər tərəfindən faktiki olaraq işğal faktı ilə Azərbaycanı barışdırmağa yönəlmiş addımlar atıldı. Minsk qrupunun fəaliyyəti də mahiyyət etibarilə münaqişəni həll etməkdən daha çox, mövcud işğal vəziyyətini qoruyub saxlamağa xidmət edirdi.
Əgər Ermənistana qarşı sanksiyalar tətbiq olunsaydı, ona silah verilməsəydi və xüsusilə müasir hərbi texnika ilə təmin edilməsəydi, iqtisadi potensialı zəif olan bu dövlətin belə aqressiv və işğalçı siyasət yürütməsi mümkün olmazdı. Məhz ölkə Prezidentinin də qeyd etdiyi kimi, Ermənistana qarşı sanksiyaların tətbiq edilməməsi və işğaldan çəkindirilməməsi bu ölkəni daha da cəsarətləndirir, onu yeni işğallara sövq edirdi".
Deputat həmçinin bütün bunlara baxmayaraq, Azərbaycan öz gücünə, xalqının iradəsinə, ordusunun qüdrətinə və uğurlu diplomatiyasına arxalanaraq qalib gəldiyini bildirib:
"Azərbaycan Ordusu məcburən əks-hücuma keçərək torpaqlarımızı işğaldan azad etdi. Bununla da bir daha sübut olundu ki, işğal əbədi ola bilməz və Azərbaycan öz suveren ərazilərini bərpa etməyə qadirdir".
Elmir Heydərli
13:05 25.12.2025
Oxunuş sayı: 3473