Saakaşvili: İlham Əliyev Azərbaycan xalqının və bütün Qafqazın böyük oğludur
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü münasibətilə təbrik mesajı yayımlayıb.
Crossmedia.az xəbər verir ki, Saakaşvili təbrikində İlham Əliyevi “Azərbaycan xalqının və bütün Qafqazın böyük oğlu” adlandıraraq, onun ölkə üçün mühüm tarixi nailiyyətlərə imza atdığını vurğulayıb. Bildirib ki, Prezident Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edib, sülhü təmin edib və ölkəni qlobal siyasətdə mühüm aktora çevirib.
Gürcüstanın sabiq dövlət başçısının sözlərinə görə, müasir tarixdə bu cür uğurlarla öyünə bilən dünya liderlərinin sayı çox azdır və İlham Əliyevin adı tarixə qızıl hərflərlə yazılıb və o, əsrlər boyu xatırlanacaq.
Saakaşvili Prezident Əliyevlə dostluq və sıx əməkdaşlıq imkanına malik olmasından qürur duyduğunu qeyd edərək, onun bu gün də bütün insanların ləyaqətini qorumaqda dürüstlük və sarsılmazlıq nümunəsi göstərdiyini bildirib. O, İlham Əliyevi “nəticə əldə etməkdən çəkinməyən əsl lider” kimi xarakterizə edib.
Təbrikin sonunda Mixail Saakaşvili Prezident İlham Əliyevə uzun ömür, Azərbaycana isə firavanlıq arzulayıb.
16:56 24.12.2025
Oxunuş sayı: 2907