Bugün akademik Nərgiz Paşayevanın doğum günüdür
Bu gün Azərbaycan elminin, ədəbiyyatşünaslığının və ali təhsil mühitinin tanınmış simalarından biri – akademik Nərgiz Paşayevanın doğum günüdür. Bu tarix təkcə bir ömür yolunun başlanğıcı deyil, həm də elmə, milli-mənəvi dəyərlərə və beynəlxalq akademik əməkdaşlığa həsr olunmuş sanballı bir fəaliyyətin rəmzidir. 1962-ci il dekabrın 13-də Bakı şəhərində dünyaya gələn Nərgiz Paşayeva intellektual mühitdə formalaşmış, erkən yaşlarından elmi-estetik düşüncə ilə böyümüşdür. 1968–1978-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində aldığı təhsil onun bədii zövqünün, estetik dünyagörüşünün təməlini qoymuşdur. Bu zəngin mədəni baza sonradan filoloji təfəkkürlə vəhdət təşkil edərək onun elmi yolunu müəyyənləşdirmişdir.
1978-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olan Nərgiz Paşayeva 1983-cü ildə bu ali məktəbi fərqlənmə diplomu ilə bitirmiş, elmi fəaliyyətə isə aspirantura illərində ciddi şəkildə başlamışdır. “Sabirin novatorluğu” mövzusunda yazdığı dissertasiya onun klassik irsə müasir baxışını, ədəbi düşüncədə yenilikçi yanaşmasını aydın şəkildə ortaya qoymuşdur. 1987-ci ildə filologiya elmləri namizədi alimlik dərəcəsini alması gənc yaşda böyük elmi potensialın təsdiqi idi. Onun pedaqoji və elmi fəaliyyəti Bakı Dövlət Universiteti və Bakı Musiqi Akademiyası ilə sıx bağlıdır. Müxtəlif illərdə assistentdən professoradək yüksələn Nərgiz Paşayeva, eyni zamanda, idarəçilik və təşkilatçılıq bacarığı ilə də seçilmişdir. 2004-cü ildə müdafiə etdiyi doktorluq dissertasiyası – müasir Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərkinə həsr olunmuş fundamental tədqiqat – onun ədəbiyyatşünas alim kimi mövqeyini daha da möhkəmləndirmişdir.
2008-ci ildən M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına rəhbərlik edən Nərgiz Paşayeva bu ali məktəbi qısa müddətdə regionun nüfuzlu akademik mərkəzlərindən birinə çevirmişdir. Onun fəaliyyəti sayəsində Bakı filialı Azərbaycanla Rusiya arasında elmi-mədəni körpü rolunu daha da gücləndirmişdir. Akademik Nərgiz Paşayevanın elmi nüfuzu təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. AMEA-nın həqiqi üzvü, vitse-prezidenti, Rusiya Təhsil Akademiyasının xarici üzvü kimi onun fəaliyyəti elmin sərhədlər tanımadığını bir daha sübut edir. Akademik Arif Paşayev kimi görkəmli alimin ailəsində yetişən Nərgiz Paşayeva, bu gün özü də elmi məktəb yaradan, gənc tədqiqatçılara yol göstərən bir ziyalıdır. Onun fəaliyyəti klassik irslə müasir elmi düşüncənin harmoniyasını, milli kimliklə qlobal akademik dəyərlərin vəhdətini təcəssüm etdirir.
Bu əlamətdar gündə akademik Nərgiz Paşayevanı doğum günü münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, yeni elmi uğurlar və Azərbaycan elminə xidmət yolunda davamlı nailiyyətlər arzulayırıq.
Ayhan
12:40 14.12.2025
Oxunuş sayı: 1413