Dövlət rəsmiləri və sadə insanlar Fəxri Xiyabana axışaraq Ümummilli Liderə ehtiramını nümayiş etdirir - Reportaj
Səhərin ilk saatlarıdır… Payızın son nəfəsi Bakının üzərinə səssizcə çöküb. Fəxri Xiyabanın girişindən etibarən bir andaca hiss olunur: bu gün təkcə bir tarix yox, bir yaddaş yaşanır. Yol boyu düzülən qərənfillər, əllərdə tutulan gül dəstələri, üzlərdəki sükut və ehtiram — hamısı xalqın Ulu Öndərə olan sonsuz sevgəsinin ifadəsidir.

İnsan axını dayanmaq bilmir. Hər yaşdan, hər bölgədən insanlar Heydər Əliyevin məzarını ziyarət etmək üçün Fəxri Xiyabana üz tutub. Onların addımlarında həm minnətdarlıq, həm də qürur var. Buranın ab-havası təkcə bir ziyarət məkanı deyil, bir xalqın tarixə hörmətinin canlı təcəssümüdür.

Mərmərdən ucalan heykəlin önündə sükut hökm sürür. Güllər məzarın ətrafını əhatə etdikcə Azərbaycan xalqının Ulu Öndərə olan sevgisinin rəngi daha da qırmızıya boyanır. Burada hər kəsin baxışında bir xatirə, bir minnətdarlıq, bir dua gizlidir.
Bu gün ölkə rəhbərliyi, ictimai xadimlər, şəhid ailələri, gənclər, veteranlar və sadə vətəndaşlar Ulu Öndərin ruhu qarşısında ehtiramlarını ifadə etmək üçün bir aradadır. Ziyarətçilərin hər biri üçün Heydər Əliyev fərqli bir mənanı daşıyır: kimisi üçün xilaskar lider, kimisi üçün dövlət qurucusu, kimisi üçün müasir Azərbaycanın memarı.
Fəxri Xiyabanı dolaşan sükutun içində yalnız bir hiss açıq-aydın duyulur — əbədiyyət. Bu gün burada illərin, nəsillərin davam edən ehtiramı var. Ulu Öndərin xalqı üçün gördüyü işlər, atdığı addımlar, qoyduğu irs bu məkanda bir daha dərk olunur.
Dövlət rəsmilərindən baş prokuror Kamran Əliyevi görürəm. O və rəhbərlik etdiyi heyət Ulu Öndərin məzarı önünə gül dəstələri qoyurlar.

Həmçinin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva, tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üzərinə gül dəstələri düzülür.
Ədliyyə naziri Fərid Əhmədov, maliyyə naziri Sahil Babayev, elm və təhsil naziri Emin Əmrullayev də buradadırlar.

Əlbəttə, belə də olmalıdır. Ümumiyyətlə, dövlət rəsmiləri, o cümlədən nazirlər hər il ənənəvi olaraq Ulu Öndərin məzarını ziyarət ediblər.
Axı Azərbaycanda dövlətçilik ənənələrinin formalaşmasında, ölkəmizin müstəqil beynəlxalq subyektlərdən birinə çevrilməsinsə Ulu Öndərin əvəzsiz rolu var. Məhz onun addımları, uzaqgörən siyasəti nəticəsində Azərbaycanda nəinki daxili siyasi sabitlik təmin olundu, ölkəmiz həm də imzalar içində imzası olan subyektə çevrildi.

Bu düşüncülərlə addımlamağa davam edirəm.
Ziyarətə gələn baba ilə nəvəsinin dialoqu məni düşüncələrdən ayırır.
Nurani üzlü kişi deyir:
“Biz buraya təkcə keçmişi xatırlamağa yox, gələcəyimizi kimə borclu olduğumuzu bir daha hiss etməyə gəlirik.”
...Hər il olduğu kimi bu il də Fəxri Xiyaban Heydər Əliyev irsinin yaşayan abidəsinə çevrilib. Ulu Öndərin ideyaları bu gün də Azərbaycanın dövlətçiliyində, inkişaf yolunda və hər bir vətəndaşın düşüncəsində yaşayır.

Fəxri Xiyabanı tərk edən insanların üzündə həm hüzn, həm də qürur var. Çünki buradan ayrılan hər kəs bir daha anlayır:
Heydər Əliyevin ömrü xalqa, xalqın sevgisi isə əbədiyyətə bağlıdır.
Siz bizim hər zaman qəlbimizdəsiz şanlı Azərbaycanımızın şanlı xalqının əbədiyaşar öndəri.
Elmir Heydərli
15:08 12.12.2025
Oxunuş sayı: 3609