C-130 hərbi-nəqliyyat təyyarəsinin qalıqlarının böyük hissəsi Türkiyəyə aparılıb
Azərbaycan-Gürcüstan sərhədi yaxınlığında qəzaya uğrayan C-130 hərbi-nəqliyyat təyyarəsinin qalıqlarının böyük hissəsi Türkiyəyə aparılıb.
Crossmedia.az “Anadolu” xəbər agentliyinə istinadən xəbər verir ki, hadisədən dərhal sonra yaradılan və hadisə yerinə yola salınan qəza araşdırma qrupu işini davam etdirir. Ərazi hərtərəfli yoxlanıldıqdan sonra təyyarənin qalıqları ehtiyatla yük maşınlarına yüklənib. Hazırda C-130 qalıqlarının böyük hissəsi Türkiyəyə daşınıb.
Təyyarə qalıqları İç Anadolu vilayətinin Kayseridəki Təyyarə Texniki Zavodunun 2-ci Müdirliyində araşdırılacaq.
Bu arada təyyarənin qara qutusunun analizinə başlanılıb. Hadisənin səbəbinin yerində yoxlama və qara qutunun içindəkilərin dekodlanması başa çatdıqdan sonra aydın olacağı gözlənilir. Təyyarə qəzasının araşdırılması qrupu həftəsonu qəza yerində işini davam etdirəcək.
Xatırladaq ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 təyyarəsi Azərbaycan-Gürcüstan sərhədi yaxınlığında qəzaya uğrayıb və göyərtəsində olan 20 nəfərin hamısı həlak olub.
15:10 19.11.2025
Oxunuş sayı: 1131