Polşada Ukraynaya yardım marşrutu üzərində partlayıcı maddə tapılıb
Polşa hökuməti Ukraynaya yardım daşıyan qatarların hərəkət etdiyi dəmir yolu xəttində partlayıcı maddələrin aşkarlandığını rəsmən təsdiqləyib. Rəsmi qurumlar hadisəni ölkə təhlükəsizliyinə yönəlmiş mümkün diversiya aktı kimi qiymətləndirir. Bildirilir ki, baş verənlər fonunda Polşa hakimiyyəti təhlükəsizlik tədbirlərini gücləndirib və məsələ ilə bağlı təcili koordinasiya işləri aparılır.
Crossmedia.az xəbər verir ki, bu barədə «Ukrinform» Polşa hökumət üzvlərinin birgə mətbuat konfransına istinadən məlumat yayıb.
Məlumata görə, ölkənin daxili işlər naziri Marçin Kerwinski diversiyanın marşrutun iki müxtəlif nöqtəsində törədildiyini bildirib. Varşavadan təxminən 70 km məsafədə yerləşən Mika qəsəbəsində mütəxəssislər partlayıcı qurğudan istifadə olunduğunu təsdiqləyiblər. Eyni marşrutun cənub hissəsində isə daha iki zədələnmə müəyyən edilib: 60 metr uzunluğunda elektrik xəttinin sıradan çıxarıldığı, həmçinin qatarların hərəkəti zamanı kəsilmək üçün quraşdırılan metal sıxacın aşkarlandığı bildirilib.
Polşanın Baş naziri Donald Tusk çərşənbə axşamı ordunun, xüsusi xidmət orqanlarının və prezident administrasiyasının iştirakı ilə təhlükəsizlik məsələləri üzrə fövqəladə hökumət komitəsinin iclasının keçiriləcəyini açıqlayıb.
İlkin ehtimallara görə, Varşava–Lublin xətti üzərində törədilən diversiyanın mümkün məqsədlərindən biri Belarusla sərhəddəki “Bobrovniki” və “Kuznitsa Belostotskaya” keçid məntəqələrinin açılmasına mane olmaq ola bilər.
Bunun fonunda Polşa Baş Qərargah rəisi Veslav Kukuła “Rzeczpospolita” qəzetinə müsahibəsində ölkənin faktiki olaraq “müharibəqabağı vəziyyətə” daxil olduğunu bildirib. O, 1939 və 1981-ci illərlə müqayisə apararaq hazırkı dövrdə dövlətin qətiyyətinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Generalın sözlərinə görə, Polşada son vaxtlar müşahidə olunan kiberhücumlar və diversiyalar potensial düşmənin mümkün hərbi əməliyyatlara hazırlıq apardığını göstərir: “Cəmiyyətin hökumətə, ordunun və polisin fəaliyyətinə inamını sarsıtmaq və mümkün aqressiya üçün əlverişli mühit yaratmaq məqsədi güdülür”, – deyə Kukuła qeyd edib.
Xatırladaq ki, Almaniyanın müdafiə naziri Boris Pistorius daha əvvəl Rusiyanın 2029-cu ilə qədər NATO ölkələrinə qarşı hücum həyata keçirə biləcək hərbi potensialı bərpa edə biləcəyini bildirmişdi.
Türkan Kərimli
15:00 18.11.2025
Oxunuş sayı: 5308