Valideyn instinktindən məhrum xala, gələcəyi məhv olan uşaq…

Hər uşağın həyatında valideynin sevgisi və qayğısı ən müqəddəs, ən etibarlı limandır. Lakin təəssüf ki, bəzən bu liman uşaqlar üçün təhlükə mənbəyinə çevrilir. Uşağını döyən valideyn, öz əli ilə uşağın ruhunu, bədənini və gələcəyini sarsıdır. Hər bir yumruq, hər bir zərbə uşağın qəlbində iz buraxır, özgüvənini məhv edir və onun dünyaya baxışını zəhərləyir. Uşaqlıq hər bir insanın həyatında ən saf, ən həssas dövrdür. Bu dövrdə uşaqların ehtiyacı sevgi, mərhəmət və qayğıdır
Bakı şəhəri, Sabunçu rayonunda xalasının işgəncə verdiyi iddia edilən azyaşlı ilə bağlı araşdırma aparılır. Axı bir insan uşağa, körpəyə niyə işgəncə verməlidir?
Mövzu ilə bağlı DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli Crosmedia.az-a açıqlamasında bildirib ki, Qəyyumu tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı prosessual tədbirlər Daxili İşlər Nazirliyinin nəzarətinə götürülüb və davam etdirilir.
Həmçinin qeyd olunub ki, faktla bağlı Sabunçu RPİ-də Cinayət Məcəlləsinin əzab vermə maddəsi ilə cinayət işi başlanıb. Yetkinlik yaşına çatmayan şəxsin qəyyumu Günay Ramiz qızı Novruzova cinayət məsuliyyətinə cəlb olunaraq saxlanılıb.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
"Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə qeyd edib ki, qonşular uşağın müdafiəsinə qalxıblar və ictimaiyyətin dəstəyini təmin ediblər.
Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi, Bakı Şəhər Baş Polis İdarəsi, Sabunçu RPİ, icra hakimiyyəti, sosial xidmətlər və Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi (TƏBİB) uşağın vəziyyəti ilə bağlı tədbirlər görür. Uşaq xəstəxanaya yerləşdirilib, orqanlarında hər hansı xəsarət olub-olmadığı müəyyən ediləcək və daha sonra Sosial Xidmətlər Agentliyinin sığınacağına yerləşdiriləcək, qəyyumluq ləğv olunacaq.
Valideynin əli, qorumaq və sevgi göstərmək üçün deyil, ağrı və qorxu yaymaq üçün qaldırıldıqda, ailə anlayışı dağılıb gedir, uşaqlığın ən təmiz və müdafiəsiz illəri faciəyə çevrilir. Bu cür davranış sadəcə fiziki deyil, həm də psixoloji zorakılıqdır və cəmiyyətin ən həssas üzvü olan uşağın həyatına dərin yaralar açır.
Mövzu ilə bağlı psixoloq Aynur İskəndərova isə bildirib ki, belə hallarda hər iki tərəf – həm uşaq, həm də valideyn – psixoloji dəstəkdən yararlanmalıdır. Amma Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, uşağa fiziki şiddət göstərildiyi hallarda valideyn və ya qohumun qəyumluq hüququndan məhrum edilməsi mütləqdir. Psixoloq vurğulayıb ki, uşağın davamlı travma aldığı vəziyyətlərdə uzunmüddətli terapiya seansları təşkil olunmalı və sığınacağa yerləşdirilərsə, həmin uşaq mütəmadi nəzarət altında saxlanılmalıdır.
“Hər yaş dövrünün öz psixoloji xüsusiyyətləri var və terapiya qaydaları da yaşa uyğun olmalıdır,” – deyə A. İskəndərova qeyd edib.
O əlavə edib ki, travmanın təsirini azaltmaq üçün uşaq uzun müddət xala ilə görüşməməlidir və həmin ailə mühitindən tamamilə uzaqlaşdırılmalıdır. Psixoloq xalanın uşağa qəyumluq etmədiyini, yəni əsas məqsədinin ana qayğısı göstərmək olmadığını bildirib: “Bəzən qəyumluq hüququ dövlət tərəfindən uşağa baxmağa görə sosial yardım almaq məqsədilə istifadə olunur. Əgər məqsəd yalnız bu olubsa, xalanın qəyumluq hüququndan məhrum edilməsi doğru addım olar".
Bu hadisələr cəmiyyətdə tez-tez rast gəlinir və sosial bir problemə çevrilib.
Sosioloq Üzeyir Şəfiyevin sözlərinə görə, uşaqlara şiddət göstərilməsi, xüsusilə valideyn tərəfindən tətbiq olunan zorakılıq, həm hüquqa ziddir, həm də uşağın psixoloji və mənəvi inkişafına ciddi zərbə vurur. Onun fikrincə, uşaqlıqda yaşanan travmalar, filogenetik inkişaf boyunca iz buraxır və uşağın xarakterinə mənfi təsir göstərir: “Avropa və Amerika psixoloqları qeyd edirlər ki, uşaqlıq travmaları insanların sonrakı həyatda qərarvermə prosesinə təsir edir. Hətta qərarvermə ilə bağlı vəzifələrə təyin olunarkən şəxsin uşaqlıq psixobiografiyası nəzərə alınır. Travma keçirən, zorakılığa məruz qalan şəxslərin bu cür vəzifələrə götürülməsində daha ehtiyatlı yanaşılır. Valideynlər tərəfindən uşaqlara qarşı tətbiq olunan fiziki zorakılıq, sərt jestlər, üz ifadələri və təhqiramiz sözlərin uşaqda travma yaradır, uşağın gələcək inkişafına mənfi təsir göstərir. Uşaq dünyaya gətirmək hələ valideyn olmaq demək deyil. Valideyn uşağın etibarlı gözüdür, onun təhlükəsizliyini təmin edən və mənəvi-psixoloji inkişafına töhfə verən şəxsdir.
Ü.Şəfiyev bildirib ki, valideynlik hüququ uşağın mənafeyinə zidd ola bilməz: “Valideyn uşağa şiddət tətbiq edirsə, bu həm İnzibati Xətalar, həm də Cinayət Məcəlləsi üzrə məsuliyyət yaradır və valideynlik hüququndan məhrum edilməyə qədər gətirib çıxara bilər. Ardıcıl və davamlı zorakılıq halları valideynin psixi sağlamlığı ilə bağlı şübhələr yaradır. Belə vəziyyətlərdə uşaq valideyndən ayrılmalı, sosial xidmət orqanları müdaxilə etməli və uşağın təhlükəsizliyi təmin olunmalıdır”.
Onun sözlərinə görə, zorakılıq daha çox psixoloji gərginlik yaşayan, münaqişəli və natamam ailələrdə özünü göstərir: “Bəzən boşandıqdan sonra uşağa ana və ya ata tərəfindən yönəldilən aqressiya da hallara daxil olur. uşaqlar yalnız valideynlərin deyil, həm də dövlətin nəzarətindədir. Dövlət onların təhlükəsizliyini təmin edən əsas qurumdur. Sosial Xidmət haqqında qanun və sosial işçilərin fəaliyyətini tənzimləyən qanunlarda uşaqlara qarşı zorakılıq halları daha dəqiq şəkildə əks olunmalıdır. Zorakılığa məruz qalan uşaqlar sosial agentlər vasitəsilə müəyyənləşdirilməli və tədbirlər görülməlidir".
Göründüyü kimi, sözügedən mövzu gündəmin əsas məsələlərindən birinə çevrilib. Əlbəttə, belə olmaya bilməzdi. Çünki “uşağa əl qaldırmaq olmaz” fikri təkcə sterotipləşmiş ifadə, ənənə deyil, həm də insanlıq, valideynlik instinktidir. Kaş, o xala da bunu başa düşəydi…
Mehriban Yariyeva
21:50 02.09.2025
Oxunuş sayı: 4259