İsrailin hücumu zamanı İran Prezidenti yaralandığını açıqladı

İranın yarırəsmi “Fars” xəbər agentliyinin məlumatına görə, İsrailin İrana qarşı 12 gün davam edən hücumları zamanı Prezident Məsud Pezeşkianın da iştirak etdiyi İranın Ali Milli Təhlükəsizlik Şurasının toplantısı keçirilən bina raket zərbəsinə məruz qalıb. Hücum nəticəsində Pezeşkiyan və bir neçə yüksək vəzifəli şəxs binadan çıxarkən ayaqlarından yüngül yaralanıblar.
Hadisənin iyunun 13-də səhər tezdən Tehranın qərbində yerləşən bir binanın alt qatında baş verdiyi bildirilir. Həmin vaxt binada üç hakimiyyət qolunu təmsil edən rəhbər şəxslər və digər yüksək rütbəli rəsmilər təhlükəsizlik şurasının iclasında iştirak edirmiş.
Crossmedia.az xəbər verir ki, Fars agentliyinə görə, hücum 2024-cü ilin sentyabrında Beyrutda İsrailin həyata keçirdiyi və Hizbullah lideri Həsən Nəsrullahın həyatını itirdiyi hücuma bənzər şəkildə planlaşdırılıb. İsrail qüvvələrinin binanın giriş və çıxış nöqtələrini altı raket və ya bombayla vuraraq çıxış yollarını bağlamağa və hava dövranını kəsməyə çalışdığı qeyd olunur.
Partlayışlar nəticəsində iclas mərtəbəsində elektrik enerjisi kəsilib, lakin səlahiyyətlilər öncədən planlaşdırılmış fövqəladə çıxış qapısından binanı tərk etməyə müvəffəq olublar. Məhz bu zaman Prezident Pezeşkian da daxil olmaqla bir neçə şəxs yüngül bədən xəsarətləri alıb.
Agentlik qeyd edir ki, hücumun hədəfinə dair təfərrüatlı və dəqiq məlumatlar sui-qəsdin daxildən sızan məlumatlara əsaslana biləcəyi ehtimalını gücləndirib. Bu istiqamətdə İranın təhlükəsizlik qurumları artıq istintaqa başlayıb.
Prezident Pezeşkian 7 iyulda amerikalı jurnalist Taker Karlsona müsahibəsində İsrailin onun yerləşdiyi binanı bombalamaq istədiyini açıqlamışdı. İranın keçmiş SEPAH komandiri Mühsin Rızayi isə 9 iyulda dövlət televiziyasına verdiyi açıqlamada həmin binaya altı bomba düşdüyünü, lakin hadisədə heç kimin ölmədiyini və ya ciddi xəsarət almadığını bildirmişdi.
İsrail iyunun 13-də İranla ABŞ arasında nüvə danışıqları davam etdiyi bir vaxtda İranın müxtəlif şəhərlərində yerləşən nüvə və hərbi obyektlərə, həmçinin yaşayış məntəqələrinə hücumlara başlayıb. Hücumlar nəticəsində 1 100 nəfər, o cümlədən 126 qadın və 41 uşaq həlak olub, 5 000-dən çox insan yaralanıb.
İran ordusunun cavab hücumlarında isə İsrailin açıqlamasına əsasən 28 nəfər ölüb, 1 272 nəfər yaralanıb. ABŞ, İsrailə açıq dəstək verərək 22 iyunda İranın Natanz, Fordo və İsfahan şəhərlərindəki üç nüvə obyektinə zərbə endirib. İran isə 23 iyunda ABŞ-nin Qətərdə yerləşən Əl-Udeyd hərbi bazasına raket hücumu ilə cavab verib.
ABŞ Prezidenti Donald Tramp 24 iyunda İran və İsrail arasında atəşkəs əldə olunduğunu açıqlayıb və ardınca Tehranın uranı zənginləşdirmə fəaliyyətini tamamilə dayandıracağı yeni nüvə sazişi istədiklərini bəyan edib.
Mədinə Cəlilova
18:30 13.07.2025
Oxunuş sayı: 1175