Dövlət qulluqçusunun əsas vəzifəsi xalqa xidmət göstərməkdir

Bu gün, Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günüdür. Dövlət qulluğu hər bir dövlətin fəaliyyətində mühüm yer tutan, cəmiyyətlə dövlət arasında bir körpü rolunu oynayan məsuliyyətli və şərəfli bir peşə sahəsidir. Dövlət qulluqçusu – sadəcə inzibati vəzifə daşıyan şəxs deyil, o, dövlət siyasətinin yerinə yetirilməsində, vətəndaşların rifahının təmin olunmasında əsas simalardan biridir. Onların fədakar fəaliyyəti sayəsində dövlət vətəndaşla ünsiyyətə girir, sosial problemlər həllini tapır, ictimai maraqlar müdafiə olunur. Bu gün Azərbaycanda dövlət qulluğu sistemi Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi islahatlar nəticəsində daha da təkmilləşərək xalqın xidmətində duran modern bir institut halını alıb.
Milli Məclisin deputatı Aydın Mirzəzadə dövlət qulluqçularının peşə bayramı ilə bağlı fikir və xatirələrini Crossmedia.az-la bölüşüb:
"Mən özüm də dövlət qulluqçusu olmuşam. 1993–1997-ci illərdə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini, 1997–2000-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında sektor müdiri olmuşam. Buna görə də dövlət qulluqçusunun nə qədər məsuliyyətli və şərəfli bir peşə olduğunu öz fəaliyyətimdə görmüşəm. Dövlət qulluqçusu olmaq – dövlətə, vətəndaşa xidmət etmək, üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirmək deməkdir. Bu gün Azərbaycanda Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində, səmərəli və vətəndaşların maraqlarına xidmət edən bir dövlət sistemi qurulub. Cənab Prezidentin apardığı siyasət nəticəsində bu gün dövlət qulluqçusunun əsas vəzifəsi xalqa xidmət göstərmək istiqamətinə yönəlib. Hazırda dövlət qulluqçuları vətəndaşların sosial problemlərinin həllində, qarşıya çıxan məsələlərin aradan qaldırılmasında və aidiyyəti orqanlara çatdırılmasında təşəbbüskar mövqe sərgiləyirlər. Bu günün dövlət qulluqçuları öz vəzifələrinin məsuliyyətini dərk edir və Azərbaycan vətəndaşının daha təhlükəsiz, daha yaxşı yaşaması üçün çalışırlar. Bu bayram münasibətilə bütün dövlət qulluqçularını təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram".
Ayhan Ağarzayev
17:55 23.06.2025
Oxunuş sayı: 752