Yeni teleskop kainatın ilk görüntüsünü yaydı

Çilidə yerləşən və dünyanın ən güclü rəqəmsal kamerasına sahib olan Vera C. Rubin Rəsədxanası, kainatın dərinliklərini göstərən ilk görüntüsünü yayımlayıb. Alimlər bu teleskopun kosmos haqqında anlayışımızı kökündən dəyişəcəyini bildirirlər.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN məlumat verib.
Paylaşılan ilk görüntüdə Yer kürəsindən 9 min işıq ili uzaqda yerləşən, ulduzların formalaşdığı bölgədəki rəngarəng qaz və toz buludları əks olunub.
Rəsədxana yaxın on il ərzində Cənub səmasını fasiləsiz şəkildə müşahidə edəcək. Bu müddət ərzində həm Günəş sistemindəki naməlum obyektlər, həm də Yerə yaxınlaşan təhlükəli asteroidlər aşkarlanacaq.
Alimlər hesab edir ki, əgər Günəş sistemində hələ də kəşf edilməmiş doqquzuncu planet varsa, bu teleskop onu ilk ilində aşkarlaya bilər. Teleskopun əsas hədəfləri arasında Süd Yolu qalaktikasının xəritəsini çıxarmaq və kainatın əsas hissəsini təşkil edən qaranlıq maddənin təbiətini araşdırmaq da yer alır.
Teleskopun yerləşdiyi Pachon dağı And dağlarının çox hündür, quru və qaranlıq nöqtələrindən biridir və bu, müşahidə üçün ideal şərait yaradır.
3,200 meqapiksellik kamerası ilə hər 40 saniyədə bir görüntü çəkən teleskop, hər gecə 8–12 saat boyunca çalışacaq və bir görüntünü göstərmək üçün 400 Ultra HD ekran tələb olunur.
Britaniyalı alim professor Ketrin Heymans bildirib ki, bu layihə üzərində 25 ildir çalışır və bu rəsədxana astronomiya tarixində nəsillər boyu davam edəcək bir irəliləyiş yaradacaq.
Alimlərin fikrincə, teleskopun ən böyük gücü, eyni səma bölgələrini davamlı şəkildə müşahidə edərək zamanla baş verən dəyişiklikləri qeyd etməsindədir. Bu da həm kosmosda baş verən sirli hadisələrin izahına, həm də Yerə yaxın obyektlərdən qorunmağa imkan verəcək.
Nigar Rəhimova
16:41 23.06.2025
Oxunuş sayı: 764