Bəzən qanuni vərəsəlik çərçivəsinə daxil olmayan şəxslər mirasdan pay ala bilərlər - AÇIQLAMA


Azərbaycanda vərəsəlik qaydalarında mühüm dəyişikliklər edilib. Yeni tənzimləmələrə əsasən, vərəsə yalnız vərəsəlik şəhadətnaməsi aldıqdan sonra mirasa dair sərəncam verə biləcək. Qərarın əsas məqsədi mülkiyyətin idarə olunmasında daha şəffaf və nizamlı mexanizmin formalaşmasıdır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən hüquqşünas Xəyalə Hənifəli ilk olaraq bildirib ki, vərəsələr qanuni mirasçıların qanun üzrə müəyyən edilmiş sıralama ilə olan qohumlarıdır.
“Vəsiyyətnamə ilə qoyulmuş mirasçıları da daxil olmaqla, vərəsə sayılır. İlk növbədə, vərəsələr ölənin uşaqları, həyat yoldaşı, valideynləri və qanun üzrə mirasçıları, sonra isə digər qohumlar (bacı-qardaşlar, nəvələr, nənə və babalar, xalalar, dayılar, bibilər və əmilər) olurlar. Vərəsəlik hüququ əvvəlki növbədəki mirasçıların mövcudluğundan asılı olaraq həyata keçirilir. Vərəsəlik hüququna görə vərəsəlik sırası müəyyən ardıcıllıqla həyata keçirilir. Birinci növbədə ölənin birbaşa ailə üzvləri, yəni uşaqları, həyat yoldaşı, valideynləri və övladlığa götürülənlər miras almaq hüququna malikdirlər. İkinci növbədə bacı və qardaşlar, üçüncü növbədə isə baba və nənə, valideynləri yer alır. Dördüncü növbəyə xala, bibi, dayı və əmilər, beşinci növbəyə isə xala uşaqları, bibi uşaqları, dayı uşaqları və əmi uşaqları daxildir”.
Hüquqşünasın sözlərinə görə, bəzən qanuni vərəsəlik çərçivəsinə daxil olmayan və ya uzaq qohum olan şəxslər də mirasdan pay ala bilərlər:
“Belə ki, vəsiyyətnamə əsasında müəyyən edilən vərəsələr qanunla müəyyən edilmiş vərəsəlik qaydalarına uyğun olaraq miras almaq hüququna malikdirlər. Məsələn, xəstə olan birini sahiblənib baxdıqda, miras sahibi könüllü olaraq həmin adama mirasında qismən və ya tam şəkildə verə bilər. Bununla yanaşı, vəsiyyət edənin uşaqları, valideynləri və həyat yoldaşı, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, mirasda məcburi paya malikdirlər. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatacaq payın yarısını (məcburi pay) təşkil etməlidir. Göründüyü kimi, məcburi pay bəzən miras qoyanın iradəsinin tam əksinə də alınır. Əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməyibsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan əmlak dövlətə keçir”.
Vərəsəlik hüququ Mülki Məcəllənin 10-cu bölməsi ilə tənzimlənir və iki əsas üsulla qanun (əgər miras qoyan vəsiyyət yazmayıbsa) və vəsiyyət üzrə həyata keçirilir:
“Vərəsəlik hüququ ilə bağlı qaydalar məcburi pay hüququ, mirasın qəbulu və ondan imtina, eləcə də vərəsəlik şəhadətnaməsinin verilməsi kimi məsələləri əhatə edir. Bu sahədə yeni qaydalar təsdiq edilib və onları nəzərinizə çatdırmaq istəyirəm. Belə ki, vərəsəlik hüququ qanunvericiliyə əsasən iki üsulla həyata keçirilir: əgər miras qoyan vəsiyyət yazmayıbsa miras qanun üzrə bölüşdürülür, əks halda, vəsiyyət üzrə paylaşılır. Məcburi pay hüququ olan qanuni vərəsələr, vəsiyyət olmadıqda belə, öz paylarını tələb edə bilərlər. Miras qoyanın vəfatı zamanı birinci növbədə olan vərəsələr — uşaqları, valideynləri və həyat yoldaşı — mirasın məcburi payına sahib olurlar. Qanuni vərəsəlik şəhadətnaməsinin alınması üçün miras qoyanın ölümü haqqında şəhadətnamə, yaşayış yeri barədə arayış və digər müvafiq sənədlər təqdim olunmalıdır. Mirasın qəbulu və ondan imtina qaydalarının düzgün tətbiqi əmlak hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Miras qoyanın sağlığında öz əmlakını birinci növbədə vərəsələr sırasından olmayan digər şəxsə bağışlaması halında, hədiyyəni qəbul etmiş şəxsin məcburi payı tələb edə bilməsi qanunla nəzərdə tutulmayıb. Bu qaydalar vərəsəlik hüquq münasibətlərinin qanunauyğun şəkildə tənzim olunması və əmlak hüquqlarının qorunması üçün əhəmiyyətlidir”,- deyə X.Hənifəli fikrini yekunlaşdırıb.
Nəzrin Salmanova
11:12 03.06.2025
Oxunuş sayı: 1260