Prezident Ərdoğan: Məqsədim Putin, Zelenski və Trampı bir araya gətirməkdir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Rusiya-Ukrayna zirvəsi ilə bağlı açıqlama verib. Ərdoğan görüşü “möhtəşəm görüş” adlandıraraq, əsas arzusunun Rusiya Prezidenti Vladimir Putin, Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə bir zirvə təşkil etmək olduğunu bildirib.
Crossmedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kabinə toplantısından sonra jurnalistlərin suallarını cavablandıran Ərdoğan, “Mən də bu görüşdə onlarla birlikdə olmaq istəyirəm. Beləliklə, İstanbul sülh mərkəzinə çevrilə bilər”, - deyə vurğulayıb. O bildirib ki, bu təşəbbüsün addımları İstanbulda keçirilən son görüşdən sonra atılacaq.
Ərdoğan qeyd edib ki, son zirvə nəticəsində minlərlə əsirin dəyişdirilməsi ilə yanaşı, Rusiya və Ukrayna arasında cəsəd mübadiləsi də həyata keçirilib və bu prosesin əhəmiyyəti dünya ictimaiyyətinə açıqlanıb.
Siyasi gündəmi də dəyərləndirən Ərdoğan 2023-cü il seçkilərinin siyasi həyat üçün dönüş nöqtəsi olduğunu qeyd edib: “Türkiyənin uçurumun kənarından necə döndüyü bu gün daha aydın görünür. Gənclərimizə koalisiya dövrlərinin ölkəni necə geridə saxladığını göstəririk. Qalan üç ildə məqsədimiz ölkəni inkişaf etdirmək, rifah səviyyəsini yüksəltmək, demokratiyamızı gücləndirmək və xalqımızın birliyinə vurulan paslı zəncirləri qırmaqdır”.
Ərdoğan vurğulayıb ki, Türkiyə terror problemi başda olmaqla bütün məsələləri həll etmək gücünə və iradəsinə sahibdir. “Terrorçusuz Türkiyə” prosesinin bu istiqamətdə əsas mərhələ olacağını bildirib. O, həmçinin cinsiyyətsizləşdirmə siyasətlərinə qarşı mübarizənin qətiyyətlə davam etdiriləcəyini qeyd edib.
Suriyaya dair açıqlamasında Ərdoğan bildirib ki, Trampın verdiyi dönüş nöqtəsi xarakterli açıqlamalardan sonra Avropa ölkələrinin Suriyaya qarşı sanksiyaları ləğv etməsi məmnunluqla qarşılanıb. Tezliklə Suriya Hava Yollarının Türkiyəyə uçuşlara başlayacağını və AJet aviaşirkətinin Suriyaya müntəzəm reyslər təşkil edəcəyini bildirib. “Suriya sabitliyə və rifaha qovuşduqca, buna bütün region ölkələri faydalanacaq”,- deyə əlavə edib.
Prezident, həmçinin 4 min lirəlik bayram mükafatlarının 31 maydan etibarən ödənilməyə başladığını, 4 iyuna qədər 15,9 milyon pensiyaçıya ümumilikdə 57,4 milyard lirə ödənəcəyini deyib. Əlavə olaraq, 1 milyon 350 min yaşlı və əlil vətəndaşa da 6,3 milyard lirəlik ödəmə ediləcəyini bildirib.
Mədinə Cəlilova
22:15 02.06.2025
Oxunuş sayı: 1360