İran XİN: “ABŞ sanksiyaların ləğvi məsələsinə aydınlıq gətirmək istəmir”

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Birləşmiş Ştatlar nüvə sazişi çərçivəsində sanksiyaların ləğvi ilə bağlı hələ də aydın və konkret bir zəmanət təqdim etməyib.
Crossmedia.az xəbər verir ki, rəsmi Tehranın mövqeyinə görə, İran tərəfi sanksiyaların hansı mexanizmlə və hansı mərhələlərlə aradan qaldırılacağına dair şəffaf və dəqiq izahat tələb edir.
“Biz İran xalqına qarşı tətbiq edilən sərt sanksiyaların necə və hansı yollarla ləğv olunacağına tam şəkildə aydınlıq gətirilməsini istəyirik. Əmin olmalıyıq ki, keçmişdəki mənfi təcrübələr təkrarlanmayacaq və biz real şəkildə iqtisadiyyat, bank sektoru və ticarət sahələrində bu sanksiyaların faktiki olaraq aradan qaldırıldığını görəcəyik,” – deyə İ.Bəqai vurğulayıb.
19:46 02.06.2025
Oxunuş sayı: 1445