Zelenski ilə Kiyev meri arasında siyasi gərginlik pik həddə çatıb

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Kiyev meri Vitali Kliçko arasında uzun müddətdir davam edən ziddiyyətlər açıq müstəviyə keçib.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.
Məlumata görə, Kliçkonun prezidentlik iddiaları barədə yayılan şayiələr fonunda Zelenski Kiyevdə hərbi komendant təyin edərək merin səlahiyyətlərini məhdudlaşdırıb.
Analitiklər bu addımı hərbi vəziyyətdən istifadə edərək siyasi rəqibləri zəiflətmək cəhdi kimi qiymətləndirirlər.
Bundan əlavə, Kiyev şəhər administrasiyasında irimiqyaslı korrupsiya ittihamları ilə bir sıra həbslər baş verib. Kliçkonun tabeliyində olan 7 nəfər saxlanılıb, daha 3 nəfər istintaq altındadır.
V.Kliçko baş verənləri siyasi təzyiq kimi qiymətləndirib. O, Zelenski administrasiyasını “reydlər, dindirmələr və uydurma cinayət işləri ilə” Kiyev Şəhər Şurasının fəaliyyətini iflic etməkdə ittiham edib.
“Bu, müharibə adı altında demokratik institutların kökünün kəsilməsidir. Mən bir dəfə demişdim ki, ölkəmizdən avtoritarizm iyi gəlir. İndi isə oradan üfunət iyi gəlir”, – deyə Kliçko sərt açıqlama verib.
21:14 31.05.2025
Oxunuş sayı: 1405