Avropadakı “süper vulkan” oyanır: Partlayış qorxusu artır

İtaliyanın Campi Flegrei vulkanik kalderasının yerləşdiyi ərazidə son altı ayda baş verən ardıcıl zəlzələlər bölgədə böyük bir vulkan püskürməsi ehtimalını gündəmə gətirib.
Crossmedia.az xarici mediaya istinadən xəbır verir ki, Britaniyanın “Mirror”qəzetinin xəbərinə görə, alimlər Avropadakı “süper vulkan”ın aktivləşdiyini düşünür. Onlar bu vəziyyətin qlobal ərzaq təchizatına ciddi zərər vura biləcəyindən narahatdır.
Son altı ay ərzində Campi Flegrei bölgəsində 3 mindən çox yeraltı təkan qeydə alınıb. Neapol yaxınlığında yerləşən bu kaldera, may ayında 4,4 bal gücündə zəlzələ ilə silkələnib. Bu, bölgədə son 40 ilin ən güclü zəlzələsi kimi qeydə alınıb.
Alimlərin fikrincə, bu cür kiçik sarsıntılar vulkanın maqma kamerasının üstündəki süxurları zəiflədə bilər və bu da maqmanın yer səthinə daha asan çıxmasına şərait yaradar. Yer elmləri mütəxəssisləri bildirir ki, vulkandan çıxan qaz miqdarında da nəzərəçarpacaq artım müşahidə olunub.
İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun məlumatına görə, Campi Flegrei-dən gündəlik olaraq 4-5 min ton arasında karbon qazı çıxır. Bu da maqmanın səthə yaxınlaşdığına və vulkan daxilində təzyiqin artdığına işarə edir.
Alimlər mümkün vulkan püskürmələrinin əsas xəbərdaredici əlamətləri kimi qaz çıxışlarını, yer səthindəki şişməni və minlərlə kiçik zəlzələni diqqətlə izləyirlər. Vulkanoloq Kristofer R. J. Kilburn, maqma hərəkətlərindən qaynaqlanan qaz çıxışları ilə süxur reaktivlərindən doğan qazlar arasında fərqin müəyyən edilməsinin vacibliyini vurğulayıb.
“Mirror” qəzetinə görə, Campi Flegrei Neapol bölgəsində yaşayan 4 milyondan çox insan üçün ciddi təhlükə yaradır. Püskürmə nəticəsində lav axınları elektrik, su və enerji təchizatının kəsilməsinə səbəb ola bilər. Vulkanik qazlar illərlə davam edəcək soyuq havalara yol aça, bu da dünya üzrə ərzaq təchizatına təhdid yarada bilər. Vulkanik kül isə qlobal hava nəqliyyatını da pozacaq.
Campi Flegrei sonuncu dəfə 1538-ci ildə püskürüb. Son illərdə vulkan bir sıra “xəbərdaredici siqnallar” verməkdədir. Partlayışın nə vaxt baş verəcəyini dəqiq proqnozlaşdırmaq mümkün olmasa da, son seysmik fəaliyyətlər bunun uzaq deyil, daha yaxın gələcəkdə ola biləcəyini göstərir.
Bölgədə vulkanın xəbərdarlıq səviyyəsi 2012-ci ildə yaşıl səviyyədən sarıya yüksəldilib. Alimlər vəziyyətin “qırılmanın daha mümkün olduğu” bir mərhələyə doğru açıq şəkildə irəlilədiyini deyirlər.
Mədinə Cəlilova
02:00 31.05.2025
Oxunuş sayı: 1240