Türkiyə XİN başçısı Ukrayna Prezidenti ilə görüşüb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynaya səfəri çərçivəsində bu ölkənin Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Crossmedia.az türk mətbuatına istinadən xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər, regional təhlükəsizlik və Rusiya-Ukrayna müharibəsinin gedişi ilə bağlı məsələlər müzakirə olunub.
Zelenski görüşdən sonra verdiyi açıqlamada Ankaranın Kiyevə verdiyi dəstəyə görə təşəkkürünü ifadə edib:
“Diplomatiyanın effektivliyi baxımından Türkiyə ilə bütün əməkdaşlığımızı yüksək qiymətləndiririk. Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi ardıcıl və tam dəstəyə görə Türkiyəyə minnətdarıq. Təəssüf ki, Rusiya beynəlxalq ictimaiyyətin atəşkəs çağırışlarına məhəl qoymur və hücumlarını davam etdirir. Onlar razılaşmalarla bağlı üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməkdən boyun qaçırırlar. Ukrayna və Türkiyə bu istiqamətdə hər hansı sənəd almayıb”.
Qeyd edək ki, H.Fidanın Kiyev səfəri çərçivəsində Ukrayna hökumətində təmsil olunan digər yüksək vəzifəli şəxslərlə, habelə Krım tatarları və qaqauz türklərinin nümayəndələri ilə də görüşləri nəzərdə tutulub.
Aybəniz Səfərova
19:21 30.05.2025
Oxunuş sayı: 1138