“Azərbaycan Prezidenti ilə Paşinyanın ayaqüstü görüşü faydalı ola bilər” - Deputat

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa siyasi birliyi sammiti çərçivəsində baş tutan ayaqüstü görüş ictimaiyyətin diqqətini cəlb edib. Liderlərin nə barədə danışdıqları ictimaiyyətə açıqlanmayıb. Buna baxmayaraq, Azərbaycan Prezidentinin ritorikası, jest və mimikaları belə düşünməyə əsas verir ki, İrəvan rəsmi Bakının qalib olduğunu artıq anlayır.
Görüşlə bağlı Milli Məclisin deputatı Razi Nurullayev Crossmedia.az-a açıqlama verib.
Deputat bildirib ki, bu cür qeyri-rəsmi formatlı görüşlər bəzən rəsmi görüşlərdən daha tutarlı nəticələrə səbəb ola bilir: “Mənə elə gəlir ki, ayaqüstü görüşlər çox faydalı olur. Çünki belə görüşlər daha səmimi atmosferdə keçir və bu da qarşılıqlı etimadın formalaşmasına ciddi təsir göstərir”.
R.Nurullayev sözügedən görüş zamanı müşahidə edilən müsbət ab-havanın da bunu sübut etdiyini bildirib: “Bu, son görüşdə də hiss olunub. Tərəflər arasında qarşılıqlı bir inam var. Hər kəsin üzündə gülüş, təbəssüm hiss olunur. Ona görə də düşünürəm ki, ayaqüstü görüşlər rəsmi görüşlərdən daha ciddi nəticələrin əldə olunmasına yol aça bilər”.
Parlamentarinin sözlərinə görə, tərəflər arasında bu cür təmasların davamlılığı həm dialoqun dərinləşməsinə, həm də bölgədə davamlı sülhün qurulmasına töhfə verə bilər. Onun fikrincə, qarşılıqlı inam və siyasi iradə olduğu təqdirdə, istənilən görüş – istər rəsmi, istərsə də qeyri-rəsmi – müsbət nəticələr doğura bilər.
Zəhra Ağayeva
18:28 17.05.2025
Oxunuş sayı: 2223