YouTube süni intellektlə videolarda “ən baxımlı anlar”da reklam göstərəcək

YouTube, videolarda izləyicilərin ən çox diqqət ayırdığı anlardan dərhal sonra reklam yerləşdirəcək yeni süni intellekt alətini təqdim edib. “Peak Points” adlanan bu xüsusiyyət, reklam gəlirlərini artırmaq məqsədilə hazırlanıb və videolarda istifadəçi reaksiyasının yüksək olduğu nöqtələri müəyyənləşdirəcək.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, YouTube-un bu addımı Google-un süni intellekt modeli Gemini-yə əsaslanır. Şirkət bildirir ki, artıq markalar reklamlarını izləyicinin diqqətinin zirvədə olduğu anda yerləşdirə biləcək. Məsələn, evlilik təklifindən dərhal sonra reklam göstərilə bilər.
YouTube bu yeniliyi 20 illik yubiley tədbirində açıqlayıb. Şirkətin reklam gəliri 2025-ci ilin ilk rübündə 10 faiz artaraq 8 milyard avroya çatıb. Abunəliklərdən əldə edilən gəlirlər isə bu rəqəmə daxil deyil.
Google və YouTube-un ana şirkəti Alphabet süni intellekt sahəsinə böyük sərmayə yatırır. Şirkət bu il üçün 75 milyard dollarlıq AI investisiya planı açıqlayıb və Gemini modelini Android cihazlarla yanaşı avtomobil, saat və televizor kimi sahələrə də tətbiq edir.
Fatimə Nəbiyeva
15:20 16.05.2025
Oxunuş sayı: 524