Deputat: "Azərbaycan-İran iqtisadi əlaqələrinin inkişafı region üçün yeni imkanlar yaradır"

Azərbaycan və İran arasında artan iqtisadi əlaqələr, iki ölkənin strateji tərəfdaşlığını daha da möhkəmləndirir. Son illərdə ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artması, hər iki ölkənin iqtisadiyyatına müsbət təsir göstərir. Bu münasibətlərin inkişafı, xüsusən nəqliyyat və infrastruktur sahələrindəki əməkdaşlıqla daha da dərinləşir. Şimal-Cənub Nəqliyyat Dəhlizinin genişlənməsi, Avropadan Hindistana qədər uzanan ərazilər üzərində tranzit gəlirlərinin artmasına səbəb olur və region üçün yeni iqtisadi imkanlar yaradır.
Mövzu ilə bağlı Deputat Vüqar Bayramov Crossmedia.az-a açıqlama verib. İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri zamanı iki ölkə arasındakı iqtisadi münasibətlər, o cümlədən nəqliyyat və infrastruktur imkanları müzakirə olunub. Deputat Vüqar Bayramov bildirdi ki, son illər ölkələrarası ticarət dövriyyəsində artımlar müşahidə olunur. Lakin, ticari əlaqələrdə son dövrlərin ən aşağı dövriyyəsi 2020 və 2021-ci illərə təsadüf edib. 2020-ci ildə ölkələr qarşılıqlı münasibətdə yalnız 18.4 milyon dollarlıq dövriyyəyə malik olublar.
2021-ci ildə isə bu rəqəm 61.8 milyon dollaradək yüksəlsə də, Bayramov qeyd edib ki, bu dövriyyə də müqayisəli şəkildə yüksək olmayıb. Bununla belə, Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi 2022-ci ildə 426 milyon dollar, 2023-cü ildə isə 402 milyon dollar olub. Deputat vurğulayıb ki, 2023-cü ildə də ticarət dövriyyəsi müəyyən artım göstərsə də, hələ də arzu olunan səviyyəyə çatmayıb.
Ötən il isə ölkələr arası ticarət dövriyyəsi 647 milyon dollaradək yüksəlib. Bu, Azərbaycan ilə İran arasındakı ticarət dövriyyəsinin 38 faiz artması deməkdir. Lakin, Bayramov bildirib ki, 633 milyon dollar İrandan idxal edilib, yalnız 14 milyon dollar isə ixrac olunub. Bunun nəticəsində, ötən il qarşılıqlı ticarət dövriyyəsində 619 milyon dollarlıq mənfi saldo qeydə alınıb.
Ən sonda bütün bunlarla yanaşı, deputat Vüqar Bayramov, ölkələrin nəqliyyat dəhlizlərinin genişlənməsində, xüsusən də Şimal-Cənub Nəqliyyat dəhlizində əməkdaşlığın dərinləşməsi üçün yüksək potensialın olduğunu qeyd edib. Bayramovun sözlərinə görə, Avropanın şimalından Hindistana qədər uzanan bu nəqliyyat dəhlizi, ölkələrin beynəlxalq yükdaşımalardan əldə etdiyi gəlirləri kəskin artıra bilər. Bu isə, region üçün yeni imkanlar yaratma potensialına malikdir.
Fatimə Nəbiyeva
11:20 06.05.2025
Oxunuş sayı: 1000