Cəmiyyətin "erkən nikah" problemi: davamlı olaraq maarifləndirmə aparılmalıdır

Qız uşağısan, ağır ol! Qız uşağısan, ucadan gülmə! Qız uşağısan, oxuyub nə edəcəksən?! Qız uşağısan, qısa geyinmə! Qız uşağısan, başımızı aşağı eləmə!
Yəqin ki, bu sözlər çoxumuza yad deyil. Cəmiyyətimizin bu kimi ifadələrlə “qız uşaqları”nı sıxışdırmağı hər dövrdə olub. Məhz “qızlar”ı təqib etmək nə dərəcədə sağlam cəmiyyət, sağlam gənclik vəd edir? Oğlanlara yersiz sərbəstlik verib, “o kişidir” deyib etdikləri hər şeyi adiləşdirməyimizin gətirdiyi fəsadların fərqindəyikmi?
Ötən günlərdə Ağcabədi rayonunda 13 yaşlı qız uşağının dünyaya övlad gətirməyi içində insanlıq olan hər kəsi yetəri qədər heyrətə gətirdi və sarsıtdı. 13 yaş uşaqdır... Bu yaşda bir fərdin, daha doğrusu uşağın, dünyaya uşaq gətirməyi nə dərəcədə doğrudur? Bu hadisədə kimlər günahkardır? Hadisə ilə bağlı cəza tədbirləri görüləcəkmi?
Mövzuyla bağlı Crossmedia.az-a açıqlama verən psixoloq Fatiməxanım Qasımova bildirdi: “Təbii ki bu tipli xoşagəlməz hadisələrin baş verməsi insanda təəssüf hissi yaradır. Nə qədər inkişaf, müasirləşmə varsa, bu kimi hadisələr də qalmaqdadır. Düşünürəm ki, əhatəli və davamlı olaraq, maarifləndirmə aparılmalıdır. Bu maarifləndirmənin əsası orta məktəblərdə müxtəlif maarifləndirici tədbirlər vasitəsilə çatdırılmalıdır".
F.Qasımovanın sözlərinə görə psixoloqun məktəbdə apardığı maarifləndirici işlər həm şagirdlərlə, həm də müəllim və valideynlərlə gerçəkləşdirilir: "Erkən nikah mövzusu isə həm şagirdlər, həm də valideynlərlə aparıla bilən mövzulardandır. Mövzu haqda həm valideynlərin, həm də şagirdlərn öyrənməli, bilməli olduğu məsələlər var. Belə ki, danışılarkən ilk öncə ümumi məlumat verilməli, problemi yaradacaq səbəblər işıqlandırılmalıdır. Həmçinin erkən nikahın yaratdığı fiziki və psixoloji təsirlər haqda da danışılaraq mövzunu daha aydın şəkildə ifadə etmək olar. Düşünürəm ki, digər sahələrdə olduğu kimi, bu mövzuda da maariflənməyə ehtiyac vardır. Bu mövzuda psixoloji maariflənmənin əsas hissəsini seminarlar, təlim və layihələr təşkil edir. Sosial maarifləndirməyə isə mövzuya aid sosial çarx, televiziya filmləri, həmçinin qısa metrajlı filmlər, buklet və ya fleyerlər aiddir”.
Sevinc Bağırlı
19:34 30.03.2025
Oxunuş sayı: 2457