Məhkəməyə müdaxilə hallarında hansı addımlar atılmalıdır?- Hüquqşunas izah edir

Məhkəmə hakimiyyətinin müstəqilliyi hüquqi dövlətin əsas dayaqlarından biridir. Hüququn aliliyi prinsipinin təmin olunması, ədalət mühakiməsinin qərəzsiz və ədalətli həyata keçirilməsi üçün hakimlərin sərbəst qərar qəbul etməsi həyati əhəmiyyət daşıyır. Hakimlərin müstəqilliyi yalnız onların şəxsi iradəsi ilə məhdudlaşmır, eyni zamanda, dövlətin yaratdığı hüquqi mexanizmlər, institusional təminatlar və cəmiyyətin hüquqi mədəniyyət səviyyəsi ilə sıx bağlıdır. Bu prinsipin qorunması üçün məhkəmə sisteminin digər hakimiyyət qollarından asılı olmaması, hakimlərin təyinatı, səlahiyyət müddəti və fəaliyyət şəraiti ilə bağlı güclü hüquqi təminatlar yaradılması vacibdir.
Bununla belə, məhkəmə müstəqilliyinə müdaxilə halları, xüsusilə də siyasi və iqtisadi təsirlər bəzən problemlər yaradır. Hakimlərin qərəzsizliyini təmin etmək üçün onların işinə hər hansı formada təzyiq göstərilməsi qadağan edilir, məhkəmə-hüquq sistemi özünüqoruma mexanizmləri ilə gücləndirilir. Məhkəmə-Hüquq Şurası və digər aidiyyəti orqanlar məhkəmələrin müstəqilliyini qorumaq üçün hakimlərə dəstək verməli, hüquq pozuntuları baş verdikdə operativ müdaxilə etməlidir. Bu kontekstdə məhkəmə islahatları və yeni hüquqi çərçivələrin yaradılması məhkəmə hakimiyyətinin gücləndirilməsi və cəmiyyətin ədalətə inamının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı hüquqşünas , “Caspian Legal Center” MMC-nin hüquq meneceri Orxan Beydiyev Crossmedia.az-a müsahibə verib:
-Hakimlərin müstəqilliyi praktiki cəhətdən necə təmin edilir və bu məqsədlə hansı tədbirlər görülür?
-Hakimlərin müstəqilliyi praktik olaraq bir neçə əsas mexanizmlə təmin edilir. Bu, onların səlahiyyət müddətində siyasi təsirdən qorunması, dəyişilməzliyi və toxunulmazlığı, həmçinin vəzifəyə təyin olunma, məsuliyyətə cəlb edilmə, vəzifədən azad olunma və səlahiyyətlərinə xitam verilməsinə dair ciddi məhdudiyyətlərin mövcudluğu ilə həyata keçirilir. Bundan əlavə, məhkəmə hakimiyyətinin tam müstəqil fəaliyyət göstərməsi, ədalət mühakiməsinin qanunvericiliyin tələblərinə uyğun aparılması, məhkəmə icraatına xarici müdaxilənin və hər hansı şəxsin təsirinin yolverilməz olması prinsipinin qorunması mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, hakimlərin şəxsi təhlükəsizliyinin təmin olunması və onlara vəzifələrinin icrasına uyğun adekvat maddi və sosial təminatların verilməsi də onların müstəqilliyinin gücləndirilməsinə xidmət edir.
-Bəs məhkəməyə müdaxilə hallarında hakimlər hansı addımları atmalıdır və Məhkəmə-Hüquq Şurası onlara necə dəstək olmalıdır?
-Məhkəmə icraatına hər hansı şəxsin bilavasitə və ya dolayı yolla müdaxilə etməsi, təsir göstərməsi, hədə-qorxu gəlməsi və ya məhkəməyə hörmətsizlik etməsi qanunla yolverilməzdir və müvafiq məsuliyyətə səbəb olur. Əgər hakimin fəaliyyətinə kənar müdaxilə baş verərsə, o, bu barədə Məhkəmə-Hüquq Şurasına rəsmi müraciət etməlidir. Məhkəmə-Hüquq Şurası isə hakimlərin müstəqilliyinin qorunması və məhkəmələrə qanunsuz müdaxilələrin qarşısının alınması üçün tədbirlər görməlidir. Bu tədbirlərə müdaxilənin qarşısını almaq üçün qanunvericilikdə nəzərdə tutulan hüquqi mexanizmlərin işə salınması, təzyiq göstərən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət olunması, hakimlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin həyata keçirilməsi, belə halların təkrarlanmaması üçün preventiv mexanizmlərin tətbiq edilməsi və s. daxildir. Məhkəmə-Hüquq Şurası hakimlərin müstəqilliyini qorumaq üçün onların hüquqi müdafiəsini gücləndirməli və məhkəmə hakimiyyətinin nüfuzunun qorunmasına dair fəaliyyət göstərməlidir.
-Məhkəmə müstəqilliyi sahəsində mövcud olan əsas çatışmazlıqlar nələrdir? Bu sahədə hansı islahatların həyata keçirilməsi zəruridir?
-Düşünürəm ki, məhkəmələrin müstəqilliyi ədalət mühakiməsinin həyata keçirilməsinin təməl prinsiplərindəndir. Bugünədək, vəkil olaraq hüquqlarını müdafiə etdiyim şəxslərin məhkəmə proseslərində məhkəmələrin müstəqilliyini şübhə altına alan hallarla rastlaşmamışam. Təbii ki, ölkədə keçirilən bütün məhkəmə proseslərini izləmək və fikir bildirmək kimi də imkanım olmamışdır ki, ümumiləşdirilmiş bir nəticəyə gəlim. Amma hər bir halda, bütün proseslərdə müəyyən nöqsanların olmasını təmamilə istisna etmək də çox idealistik bir iddia olmuş olar. Fəaliyyətim dövründə müəyyən işlərə baxılması zamanı, müşahidə olunan ləngimələr, işin nəticəsinin gözləniləndən fərqli olması və s. halların məhkəmələrin müstəqilliyində olan çatışmazlıqlar kimi qiymətləndirilməsi üçün kifayət qədər əsaslar deyildir. Hər bir halda, bu sahədə daha yaxşı nəticələrin əldə edilməsi üçün, məhkəmələrin maliyyə müstəqilliyinin, eləcə də hesabatlılığın artırılması istiqamətində tədbirlər görülməlidir.
Bundan əlavə bu sahədə aparılan islahatlar çərçivəsində müasir dövrün tələblərinə uyğun ədalət mühakiməsi sisteminin formalaşdırılması üçün məhkəməyə müraciət imkanlarının genişləndirilməsi, məhkəmə proseslərinin daha şəffaf və effektiv təşkil olunması, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi üçün nəzarət mexanizmlərinin gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Süründürməçiliyin və digər neqativ halların qarşısının alınması üçün institusional tədbirlərin gücləndirilməsi, məhkəmə icraatında müasir informasiya texnologiyalarından geniş istifadə edilməsi, elektron məhkəmə sisteminin daha da inkişaf etdirilməsi, hakimlərin və məhkəmə aparatının maddi və sosial təminatlarının yaxşılaşdırılması, məhkəmə infrastrukturlarının müasirləşdirilməsi istiqamətində tədbirlər görülə bilər.
-Sadaladığınız istiqamətlərdə hansısa addımlar atılıbmı?
-Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərman və "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı" mühüm addımlardandır. Bu sənədlər dövlət orqanlarının şəffaflığının artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, ictimai hesabatlılığın artırılması, dövlət xidmətlərinin təkmilləşdirilməsi və elektronlaşdırılması istiqamətində mühüm tədbirləri nəzərdə tutur. Məhkəmə-hüquq sistemində bu islahatların daha da sürətləndirilməsi və səmərəliliyinin artırılması üçün davamlı tədbirlərin həyata keçirilməsi vacibdir.
Eyni zamanda qeyd edim ki, bu istiqamətdə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi işçi qrupu da müsbət çalışmalar həyata keçirir. Məhkəmə sistemində islahatların dərinləşdirilməsi, hakimlərin müstəqilliyinin artırılması və qorunmasında İşçi Qrupunun faydalı çalışmaları var. Hesab edirəm ki, bu çalışmaların daha da genişləndirilməsi, nəticələrin ictimailəşdirilməsi görülən işlərin səmərəliliyinin artmasıyla nəticələnəcək.
Ayhan Ağarzayev
16:21 13.02.2025
Oxunuş sayı: 23272