Azərbaycan-İran münasibətləri fərqli müstəviyə keçir

Prezident İlham Əliyev İran prezidenti Məsud Pezeşkiana və İranın Ali dini lideri Ayətullah Xameneiyə İslam İnqlabının Qələbəsi günü münasibətilə təbrik məktubu ünvanlayıb. Son dövrlərdə İran-Azərbaycan münasibətlərində normallaşma və inkişaf istiqamətində mühüm addımlar atılır. Hər iki ölkə arasında tarixi, mədəni və dini bağlar olsa da, zaman-zaman siyasi gərginliklər yaşanıb. Lakin son aylarda aparılan diplomatik səylər əlaqələrin yeni mərhələyə keçməsinə zəmin yaradıb. Prezident İlham Əliyevin İranın İslam İnqilabı Günü münasibətilə Ali Dini Rəhbər Ayətullah Xameneyi və Prezident Məsud Pezeşkiana ünvanladığı təbrik məktubu da bu istiqamətdə atılan mühüm addımlardan biridir. Bu cür jestlər ikitərəfli münasibətlərin normallaşmasına və gələcək əməkdaşlığın güclənməsinə töhfə verə bilər.
Milli Məclisin deputatı Aydın Mirzəzadə İran-Azərbaycan münasibətlərindən danışıb: “Azərbaycan və İran tarixən qonşudur və bizim mehriban qonşuluq münasibətlərimizə alternativ yoxdur. Çox təəssüf ki, bəzən İranın müxtəlif dairələri Azərbaycanın müstəqilliyinin əleyhinə bəyanatlar verirlər, Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edirlər. Amma son dövrlərdə bu məsələdə İran rəsmiləri və ictimaiyyət nümayəndələri ehtiyatlı davranırlar. Əvvəlcə baş nazirin müavini Şahin Mustafayevin, bu günlərdə isə Prezidentin köməkçisi, Prezident Admnistrasiyasının şöbə müdiri Hikmət Hacıyevin İrana səfəri İranın Azərbaycanla münasibətlərə çox diqqət yetirdiyinin, Azərbaycanla münasibətlərin yaxşı olmasını hər zaman diqqətdə saxladığını göstərdi. Azərbaycan İranın yeganə qonşusudur ki, onun İranla hər hansı problemi yoxdur. Azərbaycan heç vaxt İranın daxili işlərinə qarışmayıb və ən əsası anti-İran kampaniyasında iştirak etməyib. Prezident İlham Əliyevin İranın Ali rəhbərinə göndərdiyi təbrik məktubu bir daha göstərir ki, Azərbaycan-İran münasibətləri yaxşı səviyyədədir”.
Ayhan Ağarzayev
18:45 11.02.2025
Oxunuş sayı: 8113