Donald Tramp: “Qəzzanı almağa və sahib olmağa qərarlıyıq”

ABŞ Prezidenti Donald Tramp Qəzza ilə bağlı açıqlamalar verib. O, ABŞ-nin Qəzzaya sahib olacağını və onu Yaxın Şərqdəki zəngin ölkələr vasitəsilə yenidən inşa edəcəyini bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp, “Qəzzanı almağa və sahib olmağa qərarlıyıq” deyərək bölgədə böyük dəyişikliklərin olacağını vurğulayıb. O, Qəzzanın tamamilə dağıldığını və yenidən qurulacağını qeyd edib: “Geri alınacaq. Orada heç kim olmayacaq. HƏMAS olmayacaq. Orta Şərqin zəngin ölkələri vasitəsilə orada yeni yaşayış yerləri tikiləcək. Filistinlilər üçün daha yaxşı həyat şəraiti yaradılacaq.”
Tramp, Qəzzadan didərgin düşən insanların geri dönməsinin böyük bir səhv olacağını da vurğulayıb: “Bunu böyük bir daşınmaz əmlak layihəsi kimi düşünün. ABŞ ona sahib olacaq və yavaş-yavaş, çox yavaş bir şəkildə inkişaf etdirəcək.”
ABŞ-nin məcburi köçkün fələstinliləri qəbul edib-etməyəcəyi ilə bağlı suala isə Tramp “Buna baxmalıyıq. Onların ABŞ-yə gəlməsi çox uzun bir məsafədir. Lakin fərdi hallara baxmaq lazımdır. ABŞ artıq bir çox insanı qəbul edir.” cavabını verib.
O, Fələstinlilərin daha təhlükəsiz bir bölgədə yerləşdirilməsinin daha doğru olacağını deyərək, Misir, İordaniya və digər ərəb ölkələrinin bu məsələdə kömək edəcəyinə ümid etdiyini ifadə edib: “Səudiyyə Ərəbistanı və digər zəngin ölkələrin bu məsələyə maliyyə dəstəyi verməsini gözləyirik. Onlar insanları təhlükəsiz və rahat saxlamaq üçün vəsait xərcləyəcəklər.”
Fidan Hacızadə
08:44 10.02.2025
Oxunuş sayı: 3454