İlon Mask media qurumlarının bağlanmasını dəstəklədi

Amerikalı milyarder və ABŞ prezidenti Donald Tramp administrasiyasında Dövlət Effektivliyi Departamentinin (DOGE) rəhbəri təyin olunan İlon Mask keçmiş Milli Kəşfiyyat İdarəsinin direktoru Riçard Qrenelin Radio Free Europe/Radio Liberty (Azadlıq Radiosu) və Voice of America (Amerikanın Səsi) kimi dövlət tərəfindən maliyyələşdirilən media qurumlarının bağlanması çağırışını dəstəkləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Riçard Qrenel bu media resurslarını "dövlət mediası" adlandıraraq, onların "ifrat solçu aktivistlərlə dolu olduğunu" və "keçmişin qalıqları" kimi artıq faydasız olduğunu bildirib. Onun sözlərinə görə, hər il bu qurumlara ABŞ vergi ödəyicilərinin milyonlarla dolları xərclənir.
İlon Mask isə sosial şəbəkə platforması X-də bu çağırışa "Bəli, bağlayın" cavabını verib və əlavə edib:
"Avropa artıq azaddır (əgər boğucu bürokratiyanı nəzərə almasaq). Heç kim artıq bu media qurumlarını dinləmir. Onlar sadəcə ifrat solçuların öz aralarında danışdığı və hər il Amerika vergi ödəyicilərinin 1 milyard dollarını yandırdığı qurumlardır."
Bundan əlavə, Tramp administrasiyası və İlon Mask USAID-in (ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi) yenidən təşkil edilməsi istiqamətində addımlar atıb. Mask bu agentliyi "cinayətkar təşkilat" adlandıraraq, onun bərpaolunmaz olduğunu və tamamilə bağlanacağını bildirib.
Qeyd edək ki, artıq USAID-in minlərlə əməkdaşı işdən çıxarılıb və agentliyin fəaliyyəti dayandırılıb.
Fatimə Məmmədova
23:49 09.02.2025
Oxunuş sayı: 3991