KİV: Şimali Koreya Ukraynadan poliqon kimi istifadə edir, müharibə uzanır

Rusiya Şimali Koreyaya müxtəlif növ dronların hazırlanması və kütləvi istehsalında kömək etməyi öhdəsinə götürüb. Bunun qarşılığında isə Şimali Koreyanın Kursk vilayətində Rusiyanın müharibə səylərini dəstəklədiyi bildirilir. Crossmedia.az ABŞ-ın Müharibə Araşdırmaları İnstitutuna istinadən xəbər verir ki, bu barədə Rusiya-Şimali Koreya münasibətləri ilə tanış olan bir neçə mənbəyə istinadən Yaponiya KİV-i məlumat yayıb.
Qeyd olunur ki, Rusiya Şimali Koreyanın nüvə silahı hazırlamasına yardım göstərməkdə ehtiyatlı davranır. Çünki Şimali Koreyanın nüvə sınaqları ABŞ ilə münasibətləri daha da gərginləşdirə və Çin Xalq Respublikası ilə əlaqələri çətinləşdirə bilər. Bununla belə, Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 8-də Rusiyanın Şimali Koreyaya müasir texnologiyalar, o cümlədən dron texnologiyası ötürdüyünü vurğulayıb. Zelenski fevralın 7-də "Reuters" agentliyinə bildirib ki, qısa fasilədən sonra minlərlə Şimali Koreya hərbçisi yenidən Kursk vilayətində aktiv döyüşlərə qayıdıb. Kursk vilayətində fəaliyyət göstərən bir Ukrayna briqadası fevralın 8-də video paylaşaraq Şimali Koreya qüvvələrinin rus ordusu ilə birgə hücumlar həyata keçirdiyini göstərib.
Cənubi Koreya mənbələri yaxınlarda Rusiya qüvvələrinin Şimali Koreya əsgərlərini 2025-ci ilin yanvar ayının ortalarında Kursk vilayətindəki döyüş meydanından geri çəkdiyini bildiriblər. Bunun istirahət və yenidən təşkilatlanma məqsədilə və ya Rusiyanın bu qüvvələrdən istifadəsi ilə bağlı strategiyanı yenidən nəzərdən keçirməsi ilə əlaqəli olduğu ehtimal edilir: "Şimali Koreya Ukraynadakı müharibədən öz hərbi imkanlarını sınamaq üçün bir poliqon kimi istifadə edir. Rusiya yeni hərbi birləşmələr yaradır və müharibəni uzatmağa hazırlaşır. Rusiya hərbi imkanlarını genişləndirməkdə davam edir. Bu da Kremlin Ukrayna ilə danışıqlara maraqlı olmadığını və uzunmüddətli müharibəyə hazırlaşdığını göstərir. Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 8-də kəşfiyyat məlumatlarına istinadən Rusiya ordusunun yeni hərbi diviziyalar formalaşdırdığını, müdafiə sənayesi bazasının inkişafına sərmayə qoyduğunu, şəxsi heyətin sayını 100 mindən çox artırmağı planlaşdırdığını və Şimali Koreya ilə hərbi əməkdaşlığını dərinləşdirdiyini bildirib".
Həmçinin qeyd olunub ki, Rusiyanın sabiq müdafiə naziri Sergey Şoyqu hələ 2023-cü ilin yanvar ayında 14 yeni hərbi diviziyanın yaradılacağını elan etmişdi: "Lakin institut Zelenskinin bu əvvəlcədən elan edilən planları nəzərdə tutduğunu, yoxsa Rusiya tərəfindən əlavə yeni hərbi birləşmələrin yaradıldığını bildirəcəyini dəqiq müəyyən edə bilmir. Eyni zamanda, Şoyqunun elan etdiyi həmin 14 diviziyanın hazırkı vəziyyəti ilə bağlı dəqiq məlumat yoxdur. Zelenski vurğulayıb ki, Rusiyanın bu cür hərbi hazırlıqları onun danışıqlara maraq göstərmədiyini və müharibəni davam etdirmək niyyətində olduğunu açıq şəkildə nümayiş etdirir. Ukrayna Prezidenti həmçinin bildirib ki, müharibəni uzatmağa çalışan tərəf Rusiyadır və bu, NATO ilə daha genişmiqyaslı münaqişəyə hazırlaşmaq məqsədilə həyata keçirilən bir siyasətdir.
Rusiya rəsmiləri və informasiya məkanında tez-tez Ukraynadakı müharibəni Qərblə daha geniş qarşıdurmanın bir hissəsi kimi təqdim edirlər".
Nabat Fərzəliyeva
14:45 09.02.2025
Oxunuş sayı: 4798